Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Mark

Mark 10

Help us?
Click on verse(s) to share them!
1İsa oradan ayrılıb Yəhudeya bölgəsinə və İordan çayının o biri tayına getdi. Yenə çoxlu adam Onun başına yığıldı və O, adətinə görə yenidən təlim öyrətməyə başladı.
2Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «Kişinin öz arvadını boşamağa icazəsi varmı?»
3İsa onlara cavab verdi: «Musa sizə nə əmr etdi?»
4Onlar dedi: «Musa kişiyə talaq kağızını yazıb arvadını boşamağa icazə verdi».
5İsa da onlara belə dedi: «O bu əmri ürəyiniz inadkar olduğuna görə yazdı.
6Allah yaradılışın başlanğıcından “onları kişi və qadın olaraq yaratdı”.
7“Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq
8və ikisi bir bədən olacaq”. Artıq onlar iki deyil, bir bədəndir.
9Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın».
10Onlar evdə olarkən şagirdlər İsaya bu barədə yenə sual verdilər.
11İsa onlara belə cavab verdi: «Arvadını boşayıb başqası ilə evlənən kəs arvadına münasibətdə zina edir.
12Ərindən boşanıb başqasına gedən qadın da zina edir».
13Adamlar uşaqları İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Şagirdlərsə onlara qadağan etdilər.
14Bunu görən İsa acıqlanaraq onlara dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur.
15Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz».
16Sonra uşaqları qucaqlayıb əllərini onların üzərinə qoydu və xeyir-dua verdi.
17İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?»
18İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur.

19Onun əmrlərini bilirsən: “Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Kimisə aldatma. Ata-anana hörmət et”».
20Bu adamsa İsaya dedi: «Müəllim, bunların hamısına gəncliyimdən bəri riayət edirəm».
21İsa ona məhəbbətlə baxaraq dedi: «Sənin bir şeyin çatışmır: get nəyin varsa, satıb yoxsullara payla. Onda göydə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl».
22Bunu eşidən adam pərt oldu. Kədərlənib getdi, çünki var-dövləti çox idi.
23İsa ətrafındakılara baxdı və şagirdlərinə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!»
24Onun sözlərindən şagirdləri heyrət bürüdü. Amma İsa yenə onlara cavab verib dedi: «Övladlarım, Allahın Padşahlığına daxil olmaq nə qədər çətindir!
25Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır».
26Onlar daha da təəccüblənərək bir-birlərinə dedilər: «Elə isə, kim xilas ola bilər?»
27İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür».
28Peter Ona belə deməyə başladı: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik».
29İsa cavab verdi: «Sizə doğrusunu deyirəm: Mənimlə Müjdə uğrunda ya evini ya qardaşlarını ya bacılarını ya anasını ya atasını ya uşaqlarını və yaxud tarlalarını atan elə bir kəs yoxdur ki,
30indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan yüz qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək dövrdə isə əbədi həyat almasın.
31Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq».
32Onlar yola çıxıb Yerusəlimə gedirdilər. İsa onların qabağında gedirdi. Şagirdləri isə heyrət bürümüşdü, Onun ardınca gələnlər qorxu içində idi. İsa On İki şagirdi yenə bir tərəfə çəkib başına gələcək hadisələr barədə danışmağa başladı:
33«Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edib başqa millətlərə təslim edəcəklər.
34Onlar Bəşər Oğlunu ələ salacaq, Ona tüpürəcək və qamçılayıb öldürəcəklər. O, üç gündən sonra diriləcək».
35Zavdayın oğulları Yaqub və Yəhya Ona yaxınlaşıb dedilər: «Müəllim, istəyirik ki, dilədiyimizi bizim üçün edəsən».
36İsa onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?»

37Onlar İsaya dedilər: «Sən izzətlənəndə qoy birimiz sağında, o birimiz solunda otursun».
38Amma İsa onlara dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içdiyim kasadan siz də içə bilərsinizmi? Mənim vəftiz olduğum kimi siz də vəftiz ola bilərsinizmi?»
39Onlar dedilər: «Bilərik». İsa onlara dedi: «Mənim içdiyim kasadan siz də içəcəksiniz, Mənim vəftiz olduğum kimi siz də vəftiz olacaqsınız.
40Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Ora kimlər üçün hazırlanıbsa, onlara veriləcək».
41Bunu eşidən on şagirdin Yaqubla Yəhyaya acığı tutmağa başladı.
42Onda İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbəri sayılanlar onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir.
43Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun.
44Aranızda birinci olmaq istəyən hamının qulu olsun.
45Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
46Sonra onlar Yerixoya gəldilər. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu.
47Nazaretli İsanın orada olduğunu eşitdikdə «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» deyə bağırmağa başladı.
48Çox adamsa ona qadağan edib susdurmaq istədisə də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı.
49İsa dayanıb dedi: «Onu çağırın». Onlar bu kor adamı çağıraraq dedilər: «Cəsarətli ol, qalx, O səni çağırır».
50O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsanın yanına gəldi.
51İsa ondan soruşdu: «Nə istəyirsən, sənin üçün edim?» Kor adam Ona dedi: «Rabbuni, gözlərim açılsın».
52İsa ona dedi: «Get, imanın səni xilas etdi». Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi.