Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Mark

Mark 13

Help us?
Click on verse(s) to share them!
1İsa məbəddən çıxarkən şagirdlərindən biri Ona dedi: «Müəllim, bax nə gözəl daşlar, nə gözəl binalardır!»
2İsa ona dedi: «Bu böyük binaları görürsənmi? Onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».
3İsa məbədlə üzbəüz olan Zeytun dağında oturanda Peter, Yaqub, Yəhya və Andrey Ondan ayrılıqda soruşdu:
4«Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Bunların hamısı başa çatmaq üzrə olanda hansı əlamətlər olacaq?»
5İsa onlara cavab verməyə başladı: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın.
6Mənim adımla çox adam gəlib “mən Oyam” deyərək çoxlarını aldadacaq.
7Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil.
8Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.
9Amma siz ehtiyatlı olun. Adamlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarda döyəcəklər. Onlara şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısında duracaqsınız.
10Əvvəlcə bütün millətlərə Müjdə vəz olunmalıdır.
11Sizi aparıb məhkəməyə çəkəndə nə deyəcəyiniz barədə qabaqcadan qayğı çəkməyin, amma həmin vaxt sizə nə bildirilərsə, onu danışın. Çünki danışan siz yox, Müqəddəs Ruhdur.
12Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək.
13Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq.
14Viranəlik gətirən iyrənc şeyin heç olmamalı yerdə qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – Yəhudeyada olanlar dağlara qaçsın.
15Damda olan evindən nə isə götürmək üçün aşağı enib evinə girməsin.
16Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın.
17Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına!
18Dua edin ki, bu hadisə qış fəslində baş verməsin.

19Çünki o günlərdə elə bir əzab-əziyyət olacaq ki, Allahın yaratdığı bu kainatın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da.
20Əgər Rəbb o günləri qısaltmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma Rəbb seçilmişlərə – Öz seçdiyi insanlara görə o günləri qısaldıb.
21O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “bax, oradadır”, inanmayın.
22Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.
23Amma siz ehtiyatlı olun! Bax Mən sizə hər şeyi əvvəlcədən söyləmişəm.
24Amma o günlərdə, o əzab-əziyyətdən sonra Günəş tutulacaq, Ay nurunu saçmayacaq,
25Ulduzlar göydən töküləcək, Səma cisimləri lərzəyə gələcək.
26O zaman onlar Bəşər Oğlunun buludlar içində böyük qüdrət və izzətlə gəldiyini görəcək.
27Onda Bəşər Oğlu mələklərini göndərəcək və yer üzünün ucundan göyün ucuna qədər dörd külək istiqamətindən Öz seçdiklərini toplayacaq.
28Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır.
29Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.
30Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.
31Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
32Lakin o günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir.
33Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək.
34Bu, səyahətə çıxan bir adama bənzəyir. Evindən ayrılarkən qullarına səlahiyyət verir və hərəsinə bir iş tapşırır. Qapı nəzarətçisinə də əmr edir ki, oyaq olsun.
35Ona görə də oyaq olun. Çünki ev sahibinin nə vaxt – axşammı, gecə yarısımı, xoruz banlayandamı yaxud sübh tezdənmi gələcəyini bilmirsiniz.
36Qoy o qəfil gəlib sizi yatan görməsin.

37Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!»