Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Nehemya

Nehemya 9

Help us?
Click on verse(s) to share them!
1Həmin ayın iyirmi dördüncü günü İsrail övladları oruc tutaraq əyinlərində çul və başları toz-torpaq içində toplandı.
2İsrail övladları nəsli bütün yadellilərdən ayrılaraq durub öz günahlarını və atalarının şər işlərini etiraf etdi.
3Onlar olduqları yerdə dayanıb günün dörddə bir hissəsini özlərinin Allahı Rəbbin Qanun kitabından oxudular. Günün digər dörddə bir hissəsini isə günahlarını etiraf edib özlərinin Allahı Rəbbə səcdə qıldılar.
4Yeşua, Bani, Qadmiel, Şevanya, Bunni, Şerevya, Bani və Kenani Levililərin pilləkəninin üstünə qalxıb özlərinin Allahı Rəbbə uca səslə yalvardılar.
5Levililər – Yeşua, Qadmiel, Bani, Xaşavneya, Şerevya, Hodiya, Şevanya, Petahya dedilər: «Ayağa qalxın və əbədi olan Allahınız Rəbbə həmd edin! Qoy Sənin izzətli adına həmd olsun və etdiyiniz bütün həmdlərdən, şükürlərdən də çox ucaldılsın!
6Sən, yalnız Sən Rəbsən, göyləri, göylərin ən uca qatlarını və bütün səma cisimlərini, yer üzünü və onun məxluqlarını, dənizləri və içindəki hər şeyi Sən yaratdın və hamısına həyat verirsən. Səma cisimləri Sənə səcdə qılır!
7Ya Rəbb, Sən o Allahsan ki, İbramı seçib Xaldeylilərin Ur şəhərindən çıxararaq ona İbrahim adını verdin.
8Sən Öz önündə onun sadiq ürəyini gördün. Ona görə də Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Yevusluların və Qirqaşlıların diyarını İbrahim övladlarına vermək üçün onunla əhd kəsdin və sözlərini yerinə yetirdin. Çünki Sən adilsən.
9Misirdə atalarımızın çəkdikləri əziyyəti gördün və Qırmızı dənizin yanındakı fəryadlarını eşitdin.
10Fironla bütün əyanlarına və ölkəsinin bütün xalqına əlamətlər və möcüzələr göstərdin. Çünki Misirlilərin atalarımıza qarşı azğınlıq etdiyini bildin və bu günə kimi adını izzətləndirdin.
11Atalarımızın qarşısında dənizi yardın və onlar dənizin ortasında quru yerdən keçib getdilər. Onları təqib edənləri isə dərinliklərə, coşğun sulara atılan bir daş kimi atdın.
12Atalarımıza gündüz bulud dirəyi ilə, gecələr isə gedəcəkləri yolu nurlandırmaq üçün od dirəyi ilə yol göstərdin.
13Sina dağının üstünə enib onlarla göylərdən danışdın. Onlara ədalətli hökmlər, doğru qanunlar, yaxşı qaydalar və əmrlər verdin.
14Sən müqəddəs Şənbə gününü onlara bildirdin və qulun Musa vasitəsilə əmrləri, qaydaları və qanunu buyurdun.
15Atalarımız acanda onlara göylərdən çörək göndərdin. Susayanda onlar üçün qayadan su çıxardın. Atalarımıza əmr verdin ki, vəd etdiyin torpağa girib sahib olsunlar.
16Lakin atalarımız təkəbbürlü olub dikbaşlıq etdilər və Sənin əmrlərini dinləmədilər.
17İtaət etmək istəməyib Sənin onlar üçün göstərdiyin möcüzələri yada salmadılar, dikbaşlıq etdilər, üsyankarlıqları ilə köləlik həyatlarına qayıtmaq üçün özlərinə bir başçı təyin etdilər. Lakin Sən bağışlamağı sevən, lütfkar, rəhmli, çox səbirli və bol məhəbbəti olan Allah olduğuna görə onları tərk etmədin.
18Hətta atalarımız özləri üçün tökmə dana düzəldib “Budur, səni Misirdən çıxaran Allahın!” deyə böyük küfr edəndə

19Sən Öz böyük mərhəmətin naminə onları səhrada tək qoymadın. Gündüz onlara yolda bələdçilik etmək üçün bulud dirəyini, gecələr isə gedəcəkləri yolu nurlandırmaq üçün od dirəyini qabaqlarından əskik etmədin.
20Sən onlara nəsihət vermək üçün Öz xeyirxah Ruhunu verdin. İsrail övladlarının ağızlarından mannanı əsirgəmədin, susayanda su verdin.
21Qırx il onları səhrada bəslədin və onlar heç nədən korluq çəkmədi. Nə paltarları köhnəldi, nə ayaqları şişdi.
22Ölkələri və xalqları onlara təslim edərək torpaqlarını aralarında bölüşdürdün. Onlar Sixonun ölkəsini, yəni Xeşbon padşahının ölkəsini və Başan padşahı Oqun ölkəsini ələ keçirtdi.
23Övladlarını göydəki ulduzlar qədər çoxaltdın. Onların atalarına “oraya girib sahib olsunlar” deyə vəd etdiyin ölkəyə gətirdin.
24Onların övladları o torpağa girib sahib oldular. Sən oranın əhalisini – Kənanlıları onlara tabe etdirib padşahlarını ölkənin əhalisi ilə bərabər onlara təslim etdirdin ki, o adamlarla istədikləri kimi rəftar etsinlər.
25Onlar möhkəmlənmiş şəhərləri və bərəkətli torpağı tutub mal-dövlətlə dolu evlərə, qazılmış quyulara, bağlara, zeytunluqlara və bol-bol meyvə ağaclarına sahib oldular. Yeyib doydular, kökəldilər və verdiyin böyük nemətlər üçün sevindilər.
26Lakin onlar itaətsizlik edərək Sənə qarşı üsyankar oldular. Qanununa arxa çevirdilər, Sənə tərəf dönmək üçün onlara xəbərdarlıq edən peyğəmbərlərini öldürdülər və böyük küfr etdilər.
27Onda Sən onları düşmənə təslim etdin. Düşmənləri də onlara zülm etdilər. Sıxıntılı vaxtlarında İsrail övladları Sənə fəryad etdilər. Sən göylərdən eşitdin və Öz böyük mərhəmətinə görə onlara xilaskarlar göndərdin. Onlar da İsrail övladlarını düşmən əlindən qurtardılar.
28Lakin rahat olan kimi yenə Sənin nəzərində pis işlər gördülər. Buna görə də Sən onları düşmənə təslim etdin, düşmənləri də onlara hökm etdilər. Onlar yenə də Sənə fəryad etdilər, Sən də onları göylərdən eşidib Öz böyük mərhəmətinə görə dəfələrlə qurtardın.
29Onlara xəbərdarlıq etdin ki, Sənin Qanununa tərəf dönsünlər. Amma onlar təkəbbürlü olub əmrlərinə qulaq asmadılar və hökmlərini pozub günah etdilər. Halbuki o hökmlərə əməl edən hər kəs həyat tapar. Onlar inadkarlıqla Sənə arxa çevirib dikbaşlıq və itaətsizlik etdilər.
30Lakin Sən illər boyu onlarla səbirlə davrandın. Öz Ruhunla, peyğəmbərlərin vasitəsilə onlara xəbərdarlıq etdin. Onlar isə qulaq asmadılar və ona görə Sən onları ətraflarındakı xalqlara təslim etdin.
31Lakin Sən böyük mərhəmətinə görə İsrail övladlarını məhv olmağa qoymadın, onları tərk etmədin, çünki Sən lütfkar və rəhmli Allahsan.
32Ey Allahımız! Böyük, qüdrətli və zəhmli, əhdi və məhəbbəti saxlayan Allah! Aşşur padşahlarının dövründən bu günə qədər bizim çəkdiyimiz, padşahlarımızın, ağalarımızın, kahinlərimizin, peyğəmbərlərimizin, atalarımızın və bütün xalqının çəkdiyi əzab-əziyyət Sənin gözündə kiçik görünməsin.
33Sən haqlısan, başımıza gələn hər işdə bizimlə ədalətlə davrandın, biz isə pis işlər etdik.
34Padşahlarımız, rəislərimiz, kahinlərimiz, atalarımız Sənin Qanununa riayət etmədi. Sənin əmrlərinə və verdiyin xəbərdarlıqlara qulaq asmadılar.
35Onlar öz ölkələrində verdiyin böyük nemətlər içində, geniş, bərəkətli torpaqda belə, Sənə qulluq etmədilər və pis əməllərindən əl çəkmədilər.
36Budur, bu gün biz köləyik. Atalarımıza meyvəsini və gözəl məhsulunu yemək üçün verdiyin o torpaqda biz köləlik edirik.

37Günahlarımıza görə torpağımızın bol məhsulu üzərimizdə hökm sürən padşahlara nəsib olur. Bizim özümüzü də, heyvanlarımızı da istədikləri kimi idarə edirlər. Biz isə böyük zülm içindəyik.
38Bütün bunlara görə biz Səninlə yazılı sabit əhd bağlayırıq. Rəislərimiz, Levililərimiz və kahinlərimiz də bu əhdi möhürləyir».