Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Nehemya

Nehemya 13

Help us?
Click on verse(s) to share them!
1O gün Musanın kitabından oxundu və xalq qulaq asırdı. Bu kitabda belə bir yazı aşkar olundu: «Allahın camaatına Ammonlu və yaxud Moavlı heç vaxt daxil ola bilməz».
2Çünki Moav və Ammon övladları İsrail övladlarını çörək və su ilə qarşılamamışdı. Lakin İsrail övladlarına qarşı lənət oxumaq üçün Bilamı muzdla tutmuşdular. Allahımız isə lənəti xeyir-duaya çevirdi.
3İsrail övladları qanunu dinlədikdə bütün yadelliləri aralarından ayırdı.
4Bundan əvvəl Allahımızın məbədinin anbarlarına nəzarətçi təyin edilən kahin Elyaşiv Toviyanın yaxın tanışı olduğuna görə
5ona böyük bir otaq hazırlamışdı. Oraya əvvəllər taxıl təqdimləri, kündür, məbəd əşyaları, qanun üzrə Levililərə, ilahiçilərə və məbəd qapıçılarına verilən taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələri və kahinlərə verilən ianələr qoyulardı.
6Bu iş baş verəndə mən Yerusəlimdə deyildim. Ona görə ki Babil padşahı Artaxşastanın hakimiyyətinin otuz ikinci ilində onun hüzuruna getmişdim. Bir müddət sonra padşahdan izin alıb
7Yerusəlimə qayıtdım. Elyaşivin etdiyi pisliyi – Allah evinin həyətində Toviyaya bir otaq hazırladığı barədə xəbər aldım.
8Bu məni çox qəzəbləndirdi və Toviyanın bütün ev əşyalarını otaqdan bayıra atdım.
9Mənim əmrimlə otaqları təmizlədilər və Allah evinin əşyalarını, taxıl təqdimlərini kündürlə birgə oraya geri gətirdim.
10Bir də xəbər tutdum ki, Levililərin payları onlara verilmir və xidmət edən Levililərlə ilahiçilərin hər biri öz torpağına qayıtmışdır.
11Mən hökumət məmurlarını tənbeh edib dedim: «Nə üçün Allahın evinə etinasızlıq edilir?» Sonra Levililərlə ilahiçiləri toplayıb yerlərinə qaytardım.
12Bütün Yəhudalılar anbarlara taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələrini gətirdilər.
13Kahin Şelemyanı, ilahiyyatçı Sadoqu və Levililərdən Pedayanı anbarlara nəzarətçi və Mattanya oğlu Zakkur oğlu Xananı onların köməkçisi təyin etdim. Bu adamlar etimada layiq sayıldıqlarına görə qardaşlarına paybölmə işi onlara düşdü.
14Ey Allahım, buna görə məni yadda saxla. Allahımın məbədi və oradakı xidmətlər üçün etdiyim yaxşı işlərimi yoxa çıxarma!
15O günlər Yəhudada gördüm ki, bəzi adamlar Şənbə günü üzüm sıxılan yerdə ayaqları ilə üzüm sıxırdı və içəri taxıl gətirib eşşəklərin üstünə yükləyirdi. Şərab, üzüm, əncir və hər cür yükləri də Şənbə günündə Yerusəlimin içinə gətirirdilər. Həmin gün mən ərzaq satanları töhmətləndirdim.
16Orada yaşayan Surlular balıq, hər cür mallar gətirərək Şənbə günü Yerusəlimdə Yəhudalılara satırdı.
17Yəhuda əyanlarını töhmətləndirib onlara dedim: «Nə üçün bu pis işi görüb Şənbə gününü murdar edirsiniz?
18Atalarımız belə işlər etmədilərmi? Allahımız bütün bu bəlaları bizim və bu şəhərin üzərinə buna görə gətirmədimi? Siz isə Şənbə gününü murdar edərək Onun İsrail övladlarına qəzəbini artırırsınız».

19Yerusəlim darvazalarında Şənbənin başlayacağı axşamçağı əmr etdim ki, qapılar qıfıllansın. Şənbə bitənə qədər qapıların açılmamasını tapşırdım. Bəzi nökərlərimi də darvazaların qabağına qoymuşdum ki, Şənbə günü şəhərə heç bir yük gətirilməsin.
20Tacirlər və hər cür mal satanlar bir-iki dəfə Yerusəlimdən kənarda gecələmişdi.
21Mən onlara xəbərdarlıq edərək dedim: «Nə üçün divarın yanında gecələyirsiniz? Bir də belə etsəniz, sizə əl qaldıraram!» Tacirlər də o vaxtdan Şənbə günü gəlmədilər.
22Sonra mən Levililərə əmr etdim ki, Şənbə gününü təqdis etmək üçün özlərini təmizləyib gəlsinlər və darvazaların keşiyini çəksinlər. Ey Allahım, bundan ötrü məni unutma və böyük məhəbbətinə görə rəhm elə!
23Həm də o günlər Aşdodlu, Ammonlu və Moavlılardan arvad alan Yəhudiləri də gördüm.
24Onların uşaqlarının yarısı Aşdod dilində yaxud digər xalqların dilində danışırdı, ancaq Yəhudi dilində danışa bilmirdi.
25Mən onları tənbeh və lənət etdim. Bəzilərini isə döyüb saçlarını yoldum. O adamlara Allah haqqına and içdirib dedim: «Qızlarınızı yadelli oğullarına verməyin, oğullarınıza və özünüzə onların qızlarını almayın.
26İsrail padşahı Süleyman buna görə günaha batmadımı? Çox millətlərin arasında onun kimi padşah yox idi və o, Allahın sevimlisi idi. Allah onu bütün İsrail üzərinə padşah etdi, lakin yadelli qadınlar onu belə, günaha saldılar.
27İndi siz Allahımıza qarşı xainlik edib yadelli qadınlar alırsınız? Etdiyiniz bu böyük pisliyə yol verərikmi?»
28Baş kahin Elyaşivin oğlu Yoyadanın oğullarından biri Xoronlu Sanballatın kürəkəni idi. Buna görə də onu yanımdan qovdum.
29Ey Allahım, onları yadda saxla, çünki onlar kahinliyi, kahinlər və Levililərlə kəsdiyin əhdi murdar etdilər!
30Beləliklə, xalqı bütün yadelli ənənələrdən təmizlədim. Kahinlərlə Levililərin vəzifələrini müəyyənləşdirdim. Hər kəsin öz işi var idi.
31Müəyyən edilmiş vaxtda odun gətirilməsini və ilk nübarın təqdim edilməsini təşkil etdim. Ey Allahım, məni yadda saxla və mənə xeyirxah ol!