Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Nehemya

Nehemya 4

Help us?
Click on verse(s) to share them!
1Sanballat divarı tikdiyimiz barədə eşidəndə qanı qaraldı, qəzəbləndi və biz Yəhudilərə rişxənd etməyə başladı.
2O, soydaşlarının və Samariyalıların silahlı dəstəsinin qarşısında belə dedi: «Bu yazıq Yəhudilər nə edirlər? Onlar buranı təzədən quracaqlarmı? Onlar qurban kəsəcəklərmi? Görəsən bu işi bir gün bitirə biləcəklərmi? Məgər yanmış viranəlikdən yenidən daşlar yaradacaqlar?»
3Onun yanında olan Ammonlu Toviya belə dedi: «Əgər tikdikləri daş divarın üstünə bir tülkü çıxarsa, ora dağılacaq».
4Eşit, ey Allahımız, çünki bizə xor baxırlar. Qoy həqarətləri öz başlarına düşsün və əsir düşdükləri ölkədə talan olunsunlar!
5Onların günahını əfv etmə və qoy təqsirləri Sənin yadından çıxmasın! Axı onlar bənnaları təhqir etdilər.
6Biz divarın bərpasını davam etdirdik və onun hər yeri hündürlüyünün yarısına qədər bitişdirildi. Çünki xalq ürəkdən çalışırdı.
7Sanballat, Toviya, Ərəblər, Ammonlular və Aşdodlular Yerusəlim divarının bərpa işlərinin irəlilədiyini və dağıdılmış yerlərin tikildiyini eşidəndə çox hirsləndilər.
8Onların hamısı Yerusəlimə gəlib hücum etmək və orada qarmaqarışıqlıq salmaq üçün əlbir oldu.
9Lakin biz Allahımıza dua etdik və divarın üstündə onların hədə-qorxusu qarşısında gecə-gündüz gözətçilər qoyduq.
10O zaman Yəhudalılar deyirdi: «İşləyənlər taqətdən düşüb, töküntü isə çoxdur. Ona görə də biz bu divarı daha tikə bilmərik».
11Düşmənlərimiz isə dedilər: «Biz Yəhudilərin arasına girib onları öldürək. Bu işi elə edək ki, kimsə nə görsün, nə də başa düşsün».
12Onların yanında yaşayan Yəhudilər gəlib bizə on dəfə dedilər ki, düşmənlər hər tərəfdən bizə hücum edəcək.
13Buna görə də mən qılınclı, nizəli, ox-kamanlı xalqı nəsilbənəsil divarın arxasındakı ən aşağıdakı açıq yerlərə düzdüm.
14Bu vəziyyəti görəndə mən qalxıb əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə belə dedim: «Onlardan qorxmayın! Böyük və zəhmli Xudavəndi xatırlayın! Siz soydaşlarınız, oğullarınız, qızlarınız, arvadlarınız və evləriniz uğrunda vuruşacaqsınız».
15Düşmənlərimiz eşitdi ki, bu iş bizə məlum olub, çünki Allah onların niyyətini boşa çıxarmışdı. Buna görə hamımız işimizə, divarın tikintisinə qayıtdıq.
16O gündən sonra adamlarımın yarısı tikintidə çalışdı. Yarısı isə nizələri, qalxanları, ox-kamanlarını tutub zireh geydi. Rəislər bütün divar tikən Yəhuda xalqının arxasında keşik çəkirdi.
17Yük daşıyan fəhlələr bir əli ilə iş görür, o biri əli ilə silah tuturdu.
18Bənnaların da hər biri qılıncı belinə bağlayaraq divar tikirdi. Şeypurçu isə mənim yanımda idi.

19Əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə dedim: «İşimiz çoxdur, tikinti sahəmiz genişdir. Biz divar üzərində olan ayrı-ayrı sahələrdə bir-birimizdən uzaqdayıq.
20Harada şeypur səsi eşitsəniz, oraya – yanımıza toplanın. Allahımız bizim üçün vuruşacaq».
21Beləliklə, işimizi gördük və xalqın yarısı dan söküləndən ulduzlar görünənə qədər nizə tutmuşdu.
22O vaxt mən camaata dedim: «Hər kəs öz nökəri ilə birgə Yerusəlimdə gecələsin və gecə keşikdə durub, gündüz isə işləsin».
23Nə mən, nə soydaşlarım, nə nökərlərim, nə də arxamda dayanan keşikçilər, heç birimiz paltarlarımızı soyunmadıq. Su gətirəndə də silah əlimizdə idi.