Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Nehemya

Nehemya 8

Help us?
Click on verse(s) to share them!
1Bütün xalq bir nəfər kimi Su darvazasının qarşısındakı meydana toplaşdı. Xalq ilahiyyatçı Ezraya dedi ki, Rəbbin İsraillilərə əmr etdiyi Musanın Qanun kitabını gətirsin.
2Yeddinci ayın birinci günü Ezra Qanunu kişilərdən, qadınlardan və dinləyib anlaya bilən uşaqlardan ibarət olan camaatın qabağına gətirdi.
3Ezra Su darvazasının qarşısındakı meydanda kişilərin, qadınların və anlaya bilənlərin qabağında səhər açılandan günortaya qədər bu kitabdan oxudu. Bütün xalq Qanun kitabına qulaq asdı.
4İlahiyyatçı Ezra bu iş üçün taxtadan düzəldilmiş hündür kürsünün üstünə çıxdı. Onun sağ tərəfində Mattitya, Şema, Anaya, Uriya, Xilqiya və Maaseya, solunda isə Pedaya, Mişael, Malkiya, Xaşum, Xaşbaddana, Zəkəriyyə və Meşullam dayanmışdı.
5Ezra bütün xalqın gözü qabağında kitabı açdı, çünki o bütün xalqdan daha yüksəkdə durmuşdu. O, kitabı açanda bütün xalq ayağa qalxdı.
6Ezra ulu Allaha, Rəbbə həmd etdi və bütün xalq əllərini qaldıraraq «Amin! Amin!» deyə cavab verdi. Sonra baş əydilər və üzüstə yerə döşənib Rəbbə səcdə qıldılar.
7Yeşua, Bani, Şerevya, Yamin, Aqquv, Şabbetay, Hodiya, Maaseya, Qelita, Azarya, Yozavad, Xanan, Pelaya adlı Levililər Qanunu xalqa izah etdilər. Xalq isə yerində dayanmışdı.
8Onlar Allahın Qanun kitabından oxuyub aydınlaşdırdılar və mənasını camaata izah etdilər ki, oxunan ayələr başa düşülsün.
9Vali Nehemya, kahin ilahiyyatçı Ezra və xalqı öyrədən Levililər hamıya dedilər: «Bu gün Allahınız Rəbb üçün müqəddəs gündür. Buna görə kədərlənməyin və ağlamayın». Çünki bütün xalq Qanunun sözlərini eşidərkən ağlayırdı.
10Nehemya da onlara dedi: «Gedin, yağlı yemək yeyin, şirin içki için və hazırlıqlı olmayanlara da pay göndərin, çünki bu gün Xudavəndimiz üçün müqəddəsdir. Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir».
11Levililər «susun, kədərlənməyin, çünki bu gün müqəddəsdir» deyə bütün xalqı sakitləşdirdilər.
12Bütün xalq yeyib-içməyə, paylar göndərməyə və böyük şənlik etməyə getdi. Çünki xalq ona deyilənləri başa düşdü.
13Ertəsi gün bütün xalqın nəsil başçıları, kahinlər və Levililər Qanunun sözlərini dinləmək üçün ilahiyyatçı Ezranın yanına toplaşdı.
14Rəbbin Musa vasitəsilə buyurduğu Qanunda bu yazını tapdılar: «İsrail övladları yeddinci ayın bayram günlərində çardaqlarda yaşasın».
15Onlar bütün şəhərlərdə və Yerusəlimdə bu xəbəri elan edib yaydılar: «Dağa çıxın, yazıldığı kimi çardaq qurmaq üçün zeytun, cır zeytun, mərsin, xurma və sıx yarpaqlı ağacların budaqlarını buraya gətirin».
16Bütün xalq çıxıb budaq gətirdi, hər kəs öz evinin damında, həyətlərində, Allah evinin həyətində, Su darvazasındakı meydanda və Efrayim darvazasındakı meydanda özlərinə çardaq düzəltdi.
17Bütün əsirlikdən geri qayıdan camaat çardaqlar düzəldib orada qaldı. Əslində Nun oğlu Yeşuanın dövründən bu günə qədər İsrail övladları belə etməmişdi. Çox böyük sevinc oldu.
18Ezra birinci gündən sonuncu günə qədər hər gün Allahın Qanun kitabından oxuyurdu. Onlar yeddi gün bayram keçirtdilər, səkkizinci gün isə qayda-qanuna görə təntənəli toplantı quruldu.