1İsa məbəddən çıxıb gedərkən şagirdləri məbədin binalarını Ona göstərmək üçün yanına gəldilər.
2İsa onlara cavab verib dedi: «Bütün bunları görürsünüzmü? Sizə doğrusunu deyirəm: onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».
3İsa Zeytun dağında oturanda şagirdlər ayrılıqda Onun yanına gəlib dedilər: «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?»
4İsa onlara cavab verib dedi: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın.
5Çünki Mənim adımla çox adam gəlib “Məsih mənəm” deyərək çoxlarını aldadacaq.
6Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil.
7Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq və zəlzələlər olacaq.
8Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.
9O zaman sizi əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət edəcək.
10Onda bir çoxu imandan büdrəyərək bir-birini təslim edəcək və bir-birinə nifrət edəcək.
11Bir çox yalançı peyğəmbər törəyib çox adamı aldadacaq.
12Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq.
13Amma axıracan dözən xilas olacaq.
14Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək.
15Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyin Müqəddəs məkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın –
16Yəhudeyada olanlar dağlara qaçsın.
17Damda olan evindəki əşyaları götürmək üçün aşağı enməsin.
18Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın.
19Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına!
20Dua edin ki, qaçmağınız qış fəslində və ya Şənbə günündə baş verməsin.
21Çünki o vaxt elə dəhşətli əzab-əziyyət olacaq ki, dünyanın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da.
22Əgər o günlər qısaldılmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma seçilmişlərə görə o günlər qısaldılacaq.
23O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “oradadır”, inanmayın.
24Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.
25Bax Mən sizə əvvəlcədən söyləmişəm.
26Ona görə sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr də, inanmayın.
27Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq.
28Leş haradadırsa, kərkəslər də orada toplaşar.
29Amma o günlərin əzab-əziyyətindən dərhal sonra Günəş tutulacaq, Ay nurunu saçmayacaq, Ulduzlar göydən töküləcək, Səma cisimləri lərzəyə gələcək.
30O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək.
31O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq.
32Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır.
33Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.
34Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.
35Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
36Lakin o günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir.
37Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq.
38Daşqından əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi.
39Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq.
40O zaman tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq.
41Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq.
42Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı gün gələcəyini bilmirsiniz.
43Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi.
44Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.
45Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir?
46Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür!
47Sizə doğrusunu deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq.
48Amma həmin qul pis olub ürəyində “ağam gec gələcək” deyərsə,
49öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib-içməyə başlayarsa,
50o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək,
51ona ağır cəza verəcək və onu ikiüzlülərlə bir yerdə saxlayacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq.