Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Matta

Matta 21

Help us?
Click on verse(s) to share them!
1Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdi göndərərək
2onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sıpa tapacaqsınız. Onları açıb Mənə gətirin.
3Kim sizə bir şey desə, ona “bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək” deyərsiniz».
4Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə baş verdi:
5«Sion qızına deyin ki, “Bax Padşahın sənə tərəf gəlir; O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir”».
6Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər.
7Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi.
8Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi.
9İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun! Ən ucalarda hosanna!»
10İsa Yerusəlimə daxil olanda bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı.
11Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir».
12İsa məbədə girib orada alver edənlərin hamısını qovdu. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi.
13Onlara belə dedi: «“Mənim evim dua evi adlandırılacaq” deyə yazılıb. Amma siz onu “quldur yuvasına” çevirmisiniz!»
14İsa məbəddə Onun yanına gələn korlara və axsaqlara şəfa verdi.
15Lakin başçı kahinlər və ilahiyyatçılar Onun etdiyi heyrətamiz işləri və məbəddə «Davud Oğluna hosanna!» deyə bağıran uşaqları gördükdə acıqlandılar
16və Ona dedilər: «Bunların nə söylədiyini eşidirsənmi?» İsa da onlara dedi: «Bəli. “Körpələrin və çağaların ağzından Kamil həmd aldın” sözünü heç oxumamısınızmı?»
17İsa onları tərk edib şəhərdən çıxdı. Bet-Anyaya gedib orada gecələdi.
18Səhəri gün İsa şəhərə qayıdanda acmışdı.

19Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu.
20Şagirdlər bunu gördükdə «Əncir ağacı bir anda necə qurudu?» deyərək heyrətləndilər.
21İsa cavab verib onlara dedi: «Sizə doğrusunu deyirəm: əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacının başına gətirilən şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq.
22İmanla dua edərək hər nə diləsəniz, alacaqsınız».
23İsa məbədə gəlib təlim öyrədərkən başçı kahinlər və xalqın ağsaqqalları Ona yaxınlaşıb dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?»
24İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; onu Mənə desəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm.
25Yəhyanın vəftizi haradan idi? Göydən idi, yoxsa insanlardan?» Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək.
26Amma desək “insanlardan”, camaatdan qorxuruq, çünki hamı Yəhyanı peyğəmbər sayır».
27Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm.
28Bəs siz necə düşünürsünüz? Bir adamın iki oğlu vardı. Gəlib birincisinə “oğlum, bu gün get üzüm bağımda işlə” dedi.
29O da cavab verib “istəmirəm” dedi. Lakin sonra peşman olub getdi.
30Həmin adam ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi. O cavab verib “Gedirəm, ağam!” dedi, amma getmədi.
31Bu iki nəfərdən hansı atasının istəyini yerinə yetirdi?» Onlar «birincisi» dedilər. İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: vergiyığanlar və fahişələr Allahın Padşahlığına sizdən qabaq girirlər.
32Çünki Yəhya sizin yanınıza salehlik yolunu göstərməyə gəldi. Sizsə ona inanmadınız, amma vergiyığanlar və fahişələr ona inandılar. Siz bunu gördükdən sonra da peşman olub ona inanmadınız.
33Başqa bir məsəli dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi.
34Məhsul vaxtı çatanda məhsulunu almaq üçün qullarını bağbanların yanına göndərdi.
35Lakin bağbanlar onun qullarını tutub kimini döydülər, kimini öldürdülər, kimini də daşqalaq etdilər.
36Bağ sahibi yenə əvvəlkindən daha çox başqa qullar göndərdi. Bağbanlar onlarla da əvvəlki kimi etdilər.

37“Oğluma hörmət edərlər” deyərək axırda öz oğlunu onların yanına göndərdi.
38Bağbanlarsa oğulu görəndə öz aralarında dedilər: “Varis budur. Gəlin onu öldürək və miras bizə qalsın”.
39Beləcə onu tutub bağdan kənara çıxararaq öldürdülər.
40Beləliklə, bağın sahibi gəldikdə bu bağbanlara nə edəcək?»
41Onlar İsaya dedilər: «Bu xainləri dəhşətli şəkildə həlak edəcək, üzüm bağını isə başqa bağbanlara icarəyə verəcək ki, onlar məhsulu öz vaxtında ona versinlər».
42İsa onlara dedi: «Məgər siz Müqəddəs Yazılarda bunu heç oxumamısınız? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub. Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir”.
43Buna görə sizə deyirəm: Allahın Padşahlığı sizdən alınıb onun məhsullarını yetişdirəcək bir millətə veriləcək.
44Bu daşın üstünə yıxılan kəs parçalanacaq, daş isə kimin üzərinə düşərsə, onu əzəcək».
45Başçı kahinlər və fariseylər Onun məsəllərini eşitdikdə bu sözləri onlar üçün dediyini başa düşdülər.
46Ona görə də Onu tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular, çünki camaat İsanı peyğəmbər hesab edirdi.