Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Matta

Matta 15

Help us?
Click on verse(s) to share them!
1Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər:
2«Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar?»
3İsa cavabında onlara dedi: «Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz?
4Çünki Allah belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”.
5Sizsə deyirsiniz: “Kim atasına yaxud anasına ‹məndən umduğun yardım Allaha həsr olundu› desə,
6onda atasına hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz.
7Ey ikiüzlülər! Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləyib! O demişdir:
8“Bu xalq dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır.
9Boş yerə Mənə səcdə edirlər, İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”».
10İsa camaatı yanına çağırıb onlara dedi: «Qulaq asın və dərk edin.
11Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir».
12O zaman şagirdlər gəlib Ona dedilər: «Bilirsənmi fariseylər bu sözü eşitdikdə incidilər».
13Amma İsa cavab verib dedi: «Səmavi Atamın əkmədiyi hər bitki kökündən qoparılacaq.
14Onları buraxın. Onlar korların kor rəhbərləridir. Əgər kor koru aparsa, ikisi də çuxura düşər».
15Peter Ona cavab verərək dedi: «Bu məsəli bizə izah et».
16İsa dedi: «Siz də hələ dərk etməmisiniz?
17Başa düşmürsünüz ki, ağıza girən hər şey qarına gedir və ifraz olunur?
18Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər.

19Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.
20İnsanı murdar edən şeylər bunlardır. Yuyulmamış əllərlə yemək isə insanı murdar etməz».
21İsa oradan çıxıb Sur və Sidon bölgələrinə çəkildi.
22Budur, Kənanlı bir qadın o diyardan çıxıb «ya Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə tutulub» deyə çığırırdı.
23İsa cavabında ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb «onu burax, çünki arxamızca çığırır» deyərək İsaya yalvardılar.
24Amma İsa cavab verib dedi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm».
25Qadınsa yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et».
26İsa cavab verib dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz».
27Qadın dedi: «Haqlısan, ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir».
28O zaman İsa cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı.
29İsa oradan çıxıb Qalileya gölünün sahilindən keçdi və dağın başına çıxıb orada oturdu.
30Onun yanına böyük bir izdiham gəldi və özləri ilə birlikdə topallar, korlar, şikəstlər, lallar və daha başqa bir çoxunu gətirdilər. Onları İsanın ayaqları yanına qoydular və İsa onlara şəfa verdi.
31Xalq görəndə ki lallar danışır, şikəstlər sağalır, topallar yeriyir və korlar görür, heyrətləndi və İsrailin Allahını izzətləndirdi.
32İsa şagirdlərini yanına çağırıb dedi: «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən düşməsinlər».
33Şagirdlər Ona dedilər: «Bu çöllükdə bu qədər camaatı doydurmaq üçün çörəyi haradan tapaq?»
34İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi və bir az da kiçik balığımız var».
35Onda İsa camaata əmr etdi ki, yerə otursunlar.
36Yeddi çörəklə balıqları götürdü və şükür edərək bölüb şagirdlərə, şagirdlər də camaata verdi.

37Hamı yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu.
38Yemək yeyən adamların sayı isə qadınlar və uşaqlardan başqa, dörd min nəfər idi.
39İsa camaatı buraxıb qayığa minərək Məcdəl bölgəsinə getdi.