Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Matta

Matta 3

Help us?
Click on verse(s) to share them!
1O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı.
2O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb».
3Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”».
4Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi.
5Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi.
6Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu.
7Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib?
8İndi isə tövbəyə layiq bəhrə verin.
9Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir.
10Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır.
11Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək.
12Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq».
13O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi.
14Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?»
15İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu.
16İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü.
17Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam».