4İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbaları arasından və öz evindən başqa heç bir yerdə xor baxmazlar».
5Orada O heç bir möcüzə yarada bilmədi, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi.
6İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolaşdı.
7İsa On İki şagirdi yanına çağırıb onları iki-iki göndərməyə başladı və onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi.
8Onlara tapşırdı ki, yol üçün əsadan başqa heç nə – nə çörək, nə torba, nə də qurşaqlarında pul götürsünlər,
9ayaqlarına səndəl geysələr də, əyinlərinə iki köynək geyinməsinlər.
10İsa onlara dedi: «Harada bir evə girsəniz, çıxanacan orada qalın.
11Harada sizi qəbul etməyib sizə qulaq asmaq istəməzlərsə, oradan ayrılarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın».
12Onlar da yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar.
13Çoxlu cin çıxartdılar, yağla məsh edərək çox xəstəyə şəfa verdilər.
14Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilər: «Vəftiz edən Yəhya ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır».