Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 23

Luka 23:33-49

Help us?
Click on verse(s) to share them!
33Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər.
34Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər.
35Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!»
36Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib
37belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!»
38Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı.
39Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!»
40O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan!
41Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi».
42Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!»
43İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan».
44Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü,
45günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı.
46İsa uca səslə nida edərək dedi: «Ey Ata! Ruhumu Sənin əlinə verirəm». İsa bunu deyib son nəfəsini verdi.
47Bunları görən yüzbaşı «doğrudan da, bu Adam saleh idi» deyərək Allahı izzətləndirdi.
48Bunlara tamaşa etmək üçün yığılan bütün camaat baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri döndü.
49İsanı tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar uzaqda durub olub-keçənlərə baxırdılar.

Read Luka 23Luka 23
Compare Luka 23:33-49Luka 23:33-49