Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 23

Luka 23:18-53

Help us?
Click on verse(s) to share them!
18Amma bütün xalq birlikdə çığırırdı: «Bu Adam öldürülsün! Bizə Barabbanı azad et!»
19Barabba şəhərdə üsyan qaldırmaq və adam öldürmək üstündə zindana atılmışdı.
20Pilat İsanı azad etmək istəyərək yenə də səsini ucaltdı.
21Amma onlar «Onu çarmıxa çək, çarmıxa çək!» deyə bağırırdılar.
22Pilat üçüncü dəfə onlara dedi: «Axı O nə pislik edib? Mən Onda ölüm cəzasına layiq heç bir təqsir görmədim. Buna görə də Onu cəzalandırıb azad edəcəyəm».
23Amma onlar təkid edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin. Onların səsi hamıdan bərk gəlirdi.
24Pilat onların tələbini yerinə yetirmək qərarına gəldi.
25Üsyan qaldırıb adam öldürdüyünə görə zindana atılmış adamı onların tələbinə görə azad etdi. İsanı isə onların ixtiyarına təslim etdi.
26Əsgərlər İsanı apararkən kənd yerindən gələn Şimon adlı Kirenalı bir nəfəri yaxaladılar. Çarmıxı onun boynuna yükləyib İsanın ardınca daşımağa məcbur etdilər.
27İsanın ardınca böyük bir izdiham və Onun üçün ağlayıb nalə çəkən qadınlar gedirdi.
28İsa onlara tərəf dönüb dedi: «Ey Yerusəlim qızları, Mənim üçün ağlamayın. Özünüz və övladlarınız üçün ağlayın.
29Çünki elə günlər gəlir ki “Nə bəxtiyardır sonsuz, doğmamış bətnlər və əmizdirməmiş döşləri olan qadınlar!” deyəcəklər.
30“O zaman dağlara ‹Üstümüzə yıxılın!›, təpələrə ‹Bizi örtün!› deməyə başlayacaqlar”.
31Çünki yaşıl ağacın başına bunları gətirirlərsə, bəs qurumuş ağaca nə olacaq?»
32İsa ilə birlikdə iki cinayətkar da edama aparılırdı.
33Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər.
34Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər.
35Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!»
36Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib
37belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!»
38Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı.
39Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!»
40O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan!
41Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi».
42Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!»
43İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan».
44Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü,
45günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı.
46İsa uca səslə nida edərək dedi: «Ey Ata! Ruhumu Sənin əlinə verirəm». İsa bunu deyib son nəfəsini verdi.
47Bunları görən yüzbaşı «doğrudan da, bu Adam saleh idi» deyərək Allahı izzətləndirdi.
48Bunlara tamaşa etmək üçün yığılan bütün camaat baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri döndü.
49İsanı tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar uzaqda durub olub-keçənlərə baxırdılar.
50Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah və saleh bir kişi var idi.
51O, Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı. Bu adam Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Padşahlığını gözləyirdi.
52O, Pilatın yanına gedib İsanın cəsədini istədi.
53Cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış, hələ indiyədək heç kimin dəfn edilmədiyi bir qəbirə qoydu.

Read Luka 23Luka 23
Compare Luka 23:18-53Luka 23:18-53