Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 24

Luka 24:25-51

Help us?
Click on verse(s) to share them!
25Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər!
26Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?»
27Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi.
28Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı.
29Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi.
30İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi.
31Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu.
32Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?»
33Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər.
34Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür».
35Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.
36Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi.
37Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər.
38Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir?
39Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur».
40İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi.
41Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?»
42Ona bir tikə bişmiş balıq verdilər.
43İsa da yeməyi götürüb onların qabağında yedi.
44Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır».
45Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı.
46İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir.
47Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir.
48Siz bu hadisələrin şahidisiniz.
49Budur, Mən Öz Atamın vəd etdiyini sizə göndərəcəyəm. Sizsə ucalardan gələn qüdrətə bürünənədək bu şəhərdə qalın».
50İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi;
51xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı.

Read Luka 24Luka 24
Compare Luka 24:25-51Luka 24:25-51