Text copied!
Bibles in South Azerbaijani

Luka 24:25-51 in South Azerbaijani

Help us?

Luka 24:25-51 in Azərbaycan dilində Müqəddəs Kitab

25 Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər!
26 Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?»
27 Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi.
28 Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı.
29 Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi.
30 İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi.
31 Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu.
32 Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?»
33 Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər.
34 Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür».
35 Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.
36 Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi.
37 Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər.
38 Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir?
39 Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur».
40 İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi.
41 Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?»
42 Ona bir tikə bişmiş balıq verdilər.
43 İsa da yeməyi götürüb onların qabağında yedi.
44 Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır».
45 Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı.
46 İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir.
47 Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir.
48 Siz bu hadisələrin şahidisiniz.
49 Budur, Mən Öz Atamın vəd etdiyini sizə göndərəcəyəm. Sizsə ucalardan gələn qüdrətə bürünənədək bu şəhərdə qalın».
50 İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi;
51 xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı.
Luka 24 in Azərbaycan dilində Müqəddəs Kitab