1Süleyman Rəbbin məbədini və öz sarayını iyirmi ilə tikib qurtardıqdan sonra
2Xiramın Süleymana verdiyi şəhərləri Süleyman yenə tikdi və İsrail övladlarını orada yerləşdirdi.
3Süleyman Xamat-Sovaya getdi və bu ölkəni tutdu.
4Səhrada Tadmoru və Xamatda bütün anbar şəhərlərini tikdi.
5Yuxarı Bet-Xoronu və Aşağı Bet-Xoronu, divarlarla, qapılarla və sürgülərlə olan qalalı şəhərlər kimi tikdi.
6Baalatı, özünün bütün anbar şəhərlərini, bütün döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi.
7Ölkədə İsraillilərdən olmayan başqa xalqlar – Xetlilər, Emorlular, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı.
8Çünki İsrail övladları onların atalarını məhv etməmişdi. Süleyman onları mükəlləfiyyətçi etdi və bu indiyə qədər belədir.
9İsrail övladlarından isə heç kəsi öz işi üçün qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, keşik rəisləri, döyüş arabalarının və süvarilərinin başçıları idi.
10Padşah Süleymanın nəzarətçi rəisləri də İsraillilərdən idi. Xalqa rəislik edən bu adamlar iki yüz əlli nəfər idi.
11Süleyman fironun qızını Davudun şəhərindən onun üçün tikdiyi evinə köçürdü. Çünki o dedi: «Arvadım İsrailin padşahı Davudun sarayında yaşamasın, ona görə ki Rəbbin sandığının gəldiyi yerlər müqəddəsdir».
12O vaxt Süleyman eyvanın önündə düzəltdiyi Rəbbin qurbangahında Rəbbə yandırma qurbanları təqdim edərdi.
13Şənbə günlərində və Təzə Ay mərasimlərində, ildə üç dəfə bayramlarda – Mayasız Çörək bayramında, Həftələr bayramında və Çardaqlar bayramında Musanın əmr etdiyi təqdimlər günündə təqdim edərdi.
14Atası Davudun hökmünə görə, o, kahinlərin bölmələrini xidmətlərinə görə, hər günün qaydası ilə kahinlərin yanında həmd və xidmət etmək üçün Levililəri vəzifələrinə görə və hər qapıya qapıçıları bölmələrinə görə təyin etdi. Çünki Allah adamı Davud belə əmr etmişdi.
15Onlar hər məsələdə, xəzinələrlə bağlı məsələlərdə padşahın kahinlərə və Levililərə olan əmrindən çıxmadı.
16Rəbbin məbədinin bünövrəsinin qoyulmasından tikilib qurtarmasına qədər Süleymanın hər işi hazırlanmışdı. Beləcə Rəbbin məbədi tikilib qurtardı.
17Süleyman Edom ölkəsində, dənizin körfəzində olan Esyon-Geverə və Elata getdi.
18Xiram adamlarının vasitəsilə ona gəmilər və dənizə bələd adamlar göndərdi. Onlar Süleymanın adamları ilə birgə Ofirə gəldi və oradan dörd yüz əlli talant qızıl götürüb padşah Süleymana gətirdilər.