1Yehoşafat ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoram padşah oldu.
2Onun qardaşları, Yehoşafatın oğulları bunlar idi: Azarya, Yexiel, Zəkəriyyə, Azarya, Mikael və Şefatya. Bunların hamısı İsrail padşahı Yehoşafatın oğulları idi.
3Ataları onlara çoxlu hədiyyələr – qızıl, gümüş və qiymətli şeylər, bunlarla bərabər Yəhudada olan qalalı şəhərlər verdi. Padşahlığı isə Yehorama verdi, çünki o, ilk oğul idi.
4Yehoram atasının padşahlıq taxtına çıxıb möhkəmləndikdə bütün qardaşlarını və İsrail rəislərindən bəzisini də qılıncdan keçirdi.
5Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi.
6Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi.
7Ancaq Rəbb Davudla etdiyi əhddən ötrü Davudun sülaləsini məhv etmək istəmədi. Çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi.
8Onun dövründə Edomlular üsyan qaldırıb Yəhudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular.
9Yehoram rəisləri və bütün döyüş arabaları ilə birgə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə edən Edomluları və araba rəislərini qırdı.
10Beləcə Edomlular üsyan qaldırdı, bu günə qədər də Yəhudanın əsarəti altında deyil. Həmin vaxt Livnalılar da üsyan qaldırıb onun əsarəti altından çıxdılar, çünki Yehoram atalarının Allahı Rəbbi tərk etmişdi.
11O, Yəhuda dağlarında da səcdəgahlar tikmişdi. Yerusəlimdə yaşayanları da xəyanətə təhrik edib Yəhudanı da yoldan azdırmışdı.
12Ona peyğəmbər İlyasdan bu məktub gəldi: «Atan Davudun Allahı Rəbb belə deyir: “Atan Yehoşafatın və Yəhuda padşahı Asanın yolları ilə deyil,
13ancaq İsrail padşahlarının yolu ilə getdin, Axav nəslinin etdiyi kimi Yəhudanı və Yerusəlimdə yaşayanları xəyanətə təhrik etdin. Həm də atanın nəslindən qardaşlarını, səndən daha yaxşı olanları öldürdün.
14Buna görə də Rəbb sənin xalqına, oğullarına, arvadlarına və bütün malına böyük zərbə vuracaq.
15Sən isə ağır xəstələnəcəksən, elə bir şiddətli xəstəlik keçirəcəksən ki, nəticədə bağırsaqların töküləcək”».
16Rəbb Yehorama qarşı Filiştlilərin ruhunu və Kuşluların qonşuluğunda yaşayan Ərəblərin ruhunu oyandırdı.
17Onlar Yəhudanın üstünə gəlib oraya hücum çəkdilər. Padşahın sarayında tapdıqları bütün malı, onun oğullarını və arvadlarını apardılar. Oğullarının ən balacası Axazyadan başqa oğlu qalmadı.
18Bunların hamısından sonra Rəbb Yehoramı bağırsaqlarından sağalmaz bir xəstəliklə vurdu.
19Onun xəstəliyi gündən-günə şiddətləndi. Nəhayət, ikinci ilin sonunda xəstəliyinə görə bağırsaqları töküldü və o, şiddətli ağrılarla öldü. Onun xalqı Yehoramın ataları üçün tonqal yandırdığı kimi onun xatirinə yandırmadı.
20Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi. Ölümünə heç kəs təəssüf etmədi. Onu Davudun şəhərində basdırdılar, lakin padşahların qəbirlərində basdırmadılar.