Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Salnamələr

Ikinci Salnamələr 25

Help us?
Click on verse(s) to share them!
1Amasya padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yehoaddan idi.
2Amasya Rəbbin gözündə doğru olan işlər etdi, ancaq bunları bütün ürəyi ilə etmədi.
3Padşahlıq əlində möhkəmlənəndə Amasya atasını öldürmüş əyanlarını öldürdü.
4Ancaq Musanın Qanun kitabında yazıldığı kimi qatillərin oğullarını öldürmədi, çünki Rəbb əmr edib demişdi: «Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə ölməlidir».
5Amasya Yəhudalıları topladı, nəsillərinə görə bütün Yəhudalıları və Binyaminliləri minbaşıların və yüzbaşıların başçılığı altında düzdü. İyirmi yaşda və ondan yuxarı olanları yığıb onların arasından nizə və sipər daşıyan, döyüşmək bacaran üç yüz min adam seçdi.
6Yüz talant gümüşə İsraildən yüz min igid döyüşçünü də muzdla tutdu.
7Ancaq bir Allah adamı gəlib ona dedi: «Ey padşah, qoy İsrail ordusu səninlə bərabər getməsin, çünki Rəbb İsraillilərlə, bütün bu Efrayimlilərlə deyil.
8Əgər getsən, tək get, döyüşdə cəsarətli ol, amma Allah səni düşmənin önündə büdrədəcək, çünki Allahda yardım etməyə və büdrətməyə qüdrət var».
9Amasya Allah adamına dedi: «Ancaq İsrail ordusuna verdiyim yüz talant üçün nə edim?» Allah adamı dedi: «Rəbb sənə bundan artığını verə bilər».
10Amasya Efrayimdən yanına gələn ordunu yerlərinə getmək üçün ayırdı. Bundan ötrü Yəhudaya qarşı onların qəzəbi alovlandı və qızğın qəzəblə yerlərinə qayıtdılar.
11Amasya cəsarətləndi və xalqını götürüb Duz dərəsinə getdi, Seirlilərdən on min nəfəri qırdı.
12Yəhudalılar sağ qalan daha on min nəfəri əsir aldılar, onları qayanın başına gətirib oradan aşağı atdılar. Onların hamısı parça-parça oldu.
13Ancaq özü ilə birgə döyüşə getməsinlər deyə Amasyanın geri göndərdiyi ordunun əsgərləri Samariyadan Bet-Xorona qədər Yəhuda şəhərlərinə basqın etdilər. Onlardan üç min nəfəri qırdılar və qarət olunmuş çoxlu qənimət ələ keçirdilər.
14Amasya Edomluları qırıb gəldikdən sonra Seirlilərin bütlərini gətirib onları özü üçün allahlar olaraq qoydu. O bunların önündə səcdə etdi və onlara buxur yandırdı.
15Amasyaya qarşı Rəbbin qəzəbi alovlandı və onun yanına bir peyğəmbər göndərdi. Bu peyğəmbər ona dedi: «Nə üçün o xalqın allahlarına üz tutdun? Onlar öz xalqlarını sənin əlindən qurtara bilmədilər».
16Bunu söyləyərkən Amasya ona dedi: «Məgər səni padşaha məsləhətçi qoymuşuq? Sus, ölməkmi istəyirsən?» Peyğəmbər vaz keçib dedi: «Allahın səni məhv etməyə qərar verdiyini bilirəm, çünki bunu etdin və mənim məsləhətimə qulaq asmadın».
17Yəhuda padşahı Amasya məsləhətləşib İsrail padşahı Yehu oğlu Yehoaxaz oğlu Yoaşın yanına xəbər göndərib dedi: «Gəl, qarşılaşaq».
18İsrail padşahı Yoaş Yəhuda padşahı Amasyaya cavab verib dedi: «Livanda olan qanqal oradakı sidr ağacına xəbər göndərib “qızını oğluma arvad olmaq üçün ver” dedi. Amma Livanda olan bir çöl heyvanı keçərək qanqalı tapdaladı.

19Sən “Edomluları qırdım” deyərək ürəyin qürurlanıb, bununla öyünürsən. İndi öz evində otur. Nə üçün sən Yəhudalılarla birlikdə bəlaya düşmək üçün münaqişəyə atılırsan?»
20Ancaq Amasya qulaq asmadı. Bu iş onları Yoaşın əlinə təslim etmək üçün Allahdan oldu, çünki Amasya Edomun allahlarına üz tutmuşdu.
21İsrail padşahı Yoaş çıxıb Yəhuda padşahı Amasya ilə Yəhudada olan Bet-Şemeşdə qarşılaşdı.
22Yəhudalılar İsraillilərin önündə məğlub oldu və hər kəs öz evinə qaçdı.
23İsrail padşahı Yoaş Yəhuda padşahı Axazya oğlu Yoaş oğlu Amasyanı Bet-Şemeşdə tutub onu Yerusəlimə gətirdi. O, şəhər divarının Efrayim darvazasından Künc darvazasına qədər dörd yüz qulacını uçurdu.
24Bütün qızıl-gümüşü, Allahın məbədində Oved-Edomun ixtiyarında olan bütün əşyaları, sarayın xəzinələrini apardı. Girov olaraq tutduğu adamları da götürüb Samariyaya qayıtdı.
25Yəhuda padşahı Yoaş oğlu Amasya İsrail padşahı Yehoaxaz oğlu Yoaşın ölümündən sonra on beş il yaşadı.
26Amasyanın qalan işləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.
27Amasya Rəbbin yolundan azdığı vaxtdan başlayaraq Yerusəlimdə ona qarşı qəsd hazırladılar. O, Lakişə qaçdı, ancaq Lakişə onun dalınca adamlar göndərdilər və orada onu öldürdülər.
28Onu atlar üstündə gətirib Yəhuda şəhərində, atalarının yanında basdırdılar.