Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Salnamələr

Ikinci Salnamələr 15

Help us?
Click on verse(s) to share them!
1Oded oğlu Azaryanın üzərinə Allahın Ruhu gəldi.
2O, Asanın qarşısına çıxıb ona dedi: «Ey Asa, bütün Yəhudalılar və Binyaminlilər, məni dinləyin! Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər.
3Uzun zamandan bəri İsraildə həqiqi Allah yoxdur. Onun öyrədən kahini və Qanunu da yoxdur.
4Ancaq ağır günlərində İsrailin Allahı Rəbbə qayıdıb Onu axtaranda O Özünü onlara göstərdi.
5O vaxtlar gedib-gəlmək təhlükəli idi. Çünki bütün ölkələrin əhalisi böyük həyəcana düşmüşdü.
6Millət millətə qarşı, şəhər şəhərə qarşı vuruşurdu. Çünki Allah onları hər cür bəla ilə çaşqınlığa salmışdı.
7Ancaq siz möhkəm olun və əlləriniz gücdən düşməsin, çünki işiniz üçün mükafat alacaqsınız».
8Asa bu sözləri və peyğəmbər Odedin peyğəmbərliyini eşitdikdə cəsarətə gəlib bütün Yəhuda və Binyamin torpağından, Efrayimin dağlıq bölgəsində olan aldığı şəhərlərdən iyrənc bütləri götürüb atdı, Rəbbin eyvanı önündə olan Rəbbin qurbangahını təmir etdi.
9Bütün Yəhudalıları və Binyaminliləri, onların arasında yaşayan Efrayimliləri, Menaşşeliləri və Şimeonluları bir yerə yığdı. Allahı Rəbbin onunla birgə olduğunu gördükdə çoxlu İsrailli onun tərəfinə keçmişdi.
10Asanın padşahlığının on beşinci ilinin üçüncü ayında onlar Yerusəlimə toplandılar.
11O gün gətirdikləri qənimətdən yeddi yüz baş mal-qara və yeddi min baş qoyun-keçi Rəbbə qurban etdilər.
12Atalarının Allahı Rəbbi bütün ürəkləri ilə və bütün canları ilə axtarmaq üçün əhd etdilər.
13İstər kiçik ya böyük, istərsə də kişi ya qadın olsun, İsrailin Allahı Rəbbi axtarmayan hər kəs öldürülməli idi.
14Borular və şeypurlar çalaraq bağırtı və yüksək səslə Rəbbə and içdilər.
15Bu anda görə bütün Yəhudalılar sevindi, çünki bütün ürəkləri ilə and içmişdilər, bütün səyləri ilə Onu axtarmışdılar və O da onlara Özünü göstərmişdi. Rəbb onlara hər tərəfdən dinclik vermişdi.
16Padşah Asa nənəsi Maakanı mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsdi və toz edib Qidron vadisində yandırdı.
17Ancaq İsraildə səcdəgahlar aradan qaldırılmadı. Lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi.
18O, atasının və özünün təqdis etdiyi şeyləri – qızılı, gümüşü və qabları Allahın məbədinə gətirdi.

19Asanın padşahlığının otuz beşinci ilinə qədər müharibə olmadı.