1Xizqiya padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Aviya idi.
2Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
3Xizqiya padşahlığının birinci ilində, birinci ayda Rəbbin məbədinin qapılarını açdı və onları təmir etdi.
4Kahinləri və Levililəri içəri çağırdı, onları şərq meydanına topladı.
5Xizqiya onlara dedi: «Ey Levililər, məni dinləyin! İndi özünüzü və atalarınızın Allahı Rəbbin məbədini təqdis edin və müqəddəs yerdən murdar şeyləri çıxarın.
6Atalarımız Rəbbin gözündə xainlik və pis olan işlər edib Onu tərk etdilər. Rəbbin məskənindən üz döndərib Ona arxa çevirdilər.
7Eyvanın qapılarını bağladılar, çıraqları söndürdülər, İsrail Allahının müqəddəs yerində buxur yandırmadılar və yandırma qurbanları gətirmədilər.
8Yəhuda və Yerusəlim üzərinə Rəbbin qəzəbi gəldi və gözlərinizlə gördüyünüz kimi onları dəhşət, heyrət və təhqir hədəfinə çevirdi.
9Ona görə də atalarımız qılıncla öldürülmüş, oğullarımız, qızlarımız və arvadlarımız əsirlikdədir.
10İndi isə İsrailin Allahı Rəbb ilə əhd bağlamağı ürəyimə qoydum ki, Öz qızğın qəzəbini bizdən döndərsin.
11Oğullarım, laqeyd olmayın, çünki Rəbb sizi seçib ki, Onun önündə xidmət edəsiniz və Onun buxur yandıran xidmətçiləri olasınız».
12Levililərdən bu adamlar qalxdı: Qohat nəslindən Amasay oğlu Maxat və Azarya oğlu Yoel; Merari nəslindən Avdi oğlu Qiş və Yehallelel oğlu Azarya; Gerşon nəslindən Zimma oğlu Yoah və Yoah oğlu Eden;
13Elisafan nəslindən Şimri və Yeiel; Asəf nəslindən Zəkəriyyə və Mattanya;
14Heman nəslindən Yexiel, Şimeyi və Yedutun nəslindən Şemaya və Uzziel.
15Onlar qohumlarını topladı və özlərini təqdis etdi. Padşahın əmr etdiyi kimi Rəbbin sözünə görə Rəbbin məbədini təmizləmək üçün getdilər.
16Kahinlər isə Rəbbin məbədinin içərisinə girib oranı təmizlədilər və böyük otaqda tapdıqları bütün murdar şeyləri məbədin həyətinə çıxartdılar. Levililər isə onları götürüb bayıra, Qidron vadisinə apardı.
17Birinci ayın birinci günündə təqdisetmə işinə başladılar və həmin ayın səkkizinci günündə Rəbbin eyvanına qədər çatdılar. Səkkiz gün Rəbbin məbədini təqdis etdilər və birinci ayın on altıncı günündə bitirdilər.
18Onlar padşah Xizqiyanın yanına girib dedilər: «Biz Rəbbin bütün məbədini, yandırma qurbanlarının gətirildiyi qurbangahını və onun bütün avadanlığını, təqdis çörəkləri qoyulan masanı və onun bütün ləvazimatını təmizlədik.
19Padşah Axaz padşah olanda xainlik edib tulladığı bütün əşyaları da hazırladıq və təqdis etdik. İndi onlar Rəbbin qurbangahı önündədir».
20Padşah Xizqiya səhər tezdən durdu və şəhərin rəislərini toplayıb Rəbbin məbədinə qalxdı.
21Padşahlıq, Müqəddəs məkan, Yəhudalılar üçün günah qurbanı olaraq yeddi buğa, yeddi qoç, yeddi quzu və yeddi təkə gətirdilər. O, Harun nəslindən olan kahinlərə əmr etdi ki, onları Rəbbin qurbangahında qurban gətirsinlər.
22Mal-qaranı kəsdilər və kahinlər qanı götürüb qurbangaha səpdilər, qoçları kəsdilər və qanı qurbangaha səpdilər, quzuları kəsdilər və qanı qurbangaha səpdilər.
23Təkələri isə günah qurbanı olmaq üçün padşahın və camaatın önünə gətirdilər və əllərini onların üstünə qoydular.
24Kahinlər onları kəsdi və qurbangahda günah qurbanı olaraq onların qanını bütün İsraillilərin günahlarını bağışlamaq üçün axıtdı. Çünki padşah əmr etmişdi ki, yandırma qurbanı və günah qurbanı bütün İsrail üçün gətirilsin.
25Davudun, padşahın görücüsü Qadın və peyğəmbər Natanın əmrinə görə Xizqiya Levililəri sinclərlə, çənglərlə və liralarla Rəbbin məbədinə qoydu. Bu əmr peyğəmbərlər vasitəsilə Rəbdən gəlmişdi.
26Levililər Davudun musiqi alətləri ilə, kahinlər kərənaylarla dayandı.
27Xizqiya əmr etdi ki, yandırma qurbanı qurbangahda təqdim edilsin. Yandırma qurbanının təqdimi başlananda kərənayların və İsrail padşahı Davudun musiqi alətlərinin sədası altında Rəbbin ilahisi də başlandı.
28Bütün camaat səcdə etdi, ilahiçilər ilahi oxudu, kərənay çalanlar çaldı. Bunların hamısı yandırma qurbanının təqdimi qurtarana qədər davam etdi.
29Yandırma qurbanının təqdimi qurtaranda padşah və yanında olanların hamısı əyilib səcdə etdi.
30Padşah Xizqiya və rəislər Levililərə əmr etdilər ki, Davudun və görücü Asəfin sözləri ilə Rəbbə həmd oxusunlar. Onlar sevinclə həmd oxudu və əyilib səcdə etdilər.
31Sonra Xizqiya dedi: «İndi özünüzü Rəbbə həsr etdiniz, yaxın gəlin, Rəbbin məbədinə qurbanlar və şükür təqdimləri gətirin». Camaat qurbanlar və şükür təqdimləri gətirdi, ürəyi istəyənlərin hamısı yandırma qurbanları təqdim etdi.
32Camaatın gətirdiyi yandırma qurbanlarının sayı yetmiş baş mal-qara, yüz qoç, iki yüz quzu idi. Bunların hamısı Rəbbə yandırma qurbanı gətirildi.
33Təqdis olunan heyvanların sayı isə altı yüz baş mal-qara və üç min baş qoyun-keçi idi.
34Ancaq kahinlər az idi və bütün yandırma qurbanlarının dərisini soya bilmədilər. İş qurtarana və kahinlər özlərini təqdis edənə qədər qohumları olan Levililər kahinlərə kömək etdilər. Çünki Levililər kahinlərdən artıq sidq ürəklə özlərini təqdis etmişdi.
35Ünsiyyət qurbanlarının yağı və yandırma qurbanları ilə birgə gətirilmiş tökmə təqdimlər də çox idi. Beləcə Rəbbin məbədinin xidməti bərpa olundu.
36Allahın xalq üçün gördüyü işinə görə Xizqiya və bütün xalq sevindi. Çünki bu iş gözlənilmədən olmuşdu.