Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Salnamələr

Ikinci Salnamələr 26

Help us?
Click on verse(s) to share them!
1Bütün Yəhuda xalqı on altı yaşlı Uzziyanı götürüb atası Amasyanın yerinə padşah etdi.
2Padşah ataları ilə uyuduqdan sonra o, Elatı Yəhudaya qaytarıb onu tikdi.
3Uzziya padşah olduğu vaxt on altı yaşında idi və Yerusəlimdə əlli iki il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yekolya idi.
4Uzziya atası Amasyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
5Allahdan qorxmağı öyrədən Zəkəriyyənin ömrü boyu Uzziya Allahı axtarırdı və Rəbbi axtardığı dövrdə Allah onun işini avand etdi.
6O çıxıb Filiştlilərə qarşı döyüşdü və Qat, Yavne və Aşdod şəhərlərinin divarlarını yıxdı. Aşdod torpağında və Filiştlilər arasında şəhərlər tikdi.
7Filiştlilərə, Qur-Baalda yaşayan Ərəblərə və Maonlulara qarşı Allah ona yardım etdi.
8Ammonlular Uzziyaya vergi verirdilər. Onun şöhrəti Misirin girəcəyinə qədər yayıldı, çünki get-gedə çox güclü oldu.
9Uzziya Yerusəlimdə Künc və Dərə darvazaları, divarın küncü üzərində möhkəm qüllələr düzəltdi.
10O, çöldə də qüllələr düzəltdi və çoxlu su anbarı üçün yer qazdı, çünki yamaclı-düzənlikli bölgədə və düzənlikdə çoxlu heyvanları vardı. Dağlarda və Karmeldə əkinçilər və üzümçülər qoydu, çünki torpağı çox sevərdi.
11Uzziyanın döyüşməyi bacaran ordusunda qayda belə idi. Padşahın qoşun başçılarından biri olan Xananyanın nəzarəti altında ordu mirzə Yeielin və məmur Maaseyanın düzdüyü dəstələrin saylarına görə dəstə-dəstə döyüşə çıxardı.
12Nəsil başçılarının ümumi sayı iki min altı yüz nəfər igid döyüşçü idi.
13Onların əli altında düşmənə qarşı padşaha yardım etmək üçün böyük igidliklə döyüşən üç yüz yeddi min beş yüz nəfərlik hərbi qüvvə vardı.
14Uzziya bütün ordu üçün qalxanlar, nizələr, dəbilqələr, zirehlər, kamanlar və sapand daşları hazırladı.
15Yerusəlimdə oxlar və böyük daşlar atmaq üçün məharətli adamların icad etdiyi mancanaqlar düzəldib qüllələr və künclər üzərinə qoydu. Onun şöhrəti uzaqlara yayıldı, çünki ona möcüzəli şəkildə kömək olunduğuna görə çox möhkəmləndi.
16Ancaq Uzziya qüvvətlənəndə öz həlakı üçün onun ürəyi qürurlandı. Allahı Rəbbə qarşı xainlik edərək buxur qurbangahı üzərində buxur yandırmaq üçün Rəbbin məbədinə daxil oldu.
17Kahin Azarya və onunla bərabər Rəbbin səksən igid kahini onun ardınca girdi.
18Padşah Uzziyaya qarşı durdular və ona dedilər: «Ey Uzziya, Rəbbə buxur yandırmaq sənin işin deyil, buxur yandırmaq üçün təqdis edilmiş Harun nəslindən olan kahinlərin işidir, Müqəddəs məkandan çıx, çünki xainlik etdin və bu iş Rəbb Allahdan sənə izzət gətirməyəcək».

19Uzziya qəzəbləndi. Buxur yandırmaq üçün onun əlində buxurdan vardı. Kahinlərə qarşı qəzəbləndikdə onların önündə Rəbbin məbədində, buxur qurbangahının yanında alnından cüzama tutuldu.
20Başçı kahin Azarya və bütün kahinlər ona baxıb alnından cüzama tutulduğunu gördülər. Onu oradan tez bayıra çıxartdılar. Özü də çıxmağa tələsdi, çünki Rəbb ona bəla göndərmişdi.
21Padşah Uzziya ölüm gününə qədər cüzamlı qaldı. O başqa bir evdə yaşayırdı, çünki cüzamlı olduğu üçün Rəbbin məbədindən uzaqlaşdırıldı. Onun oğlu Yotam isə saray üzərində olaraq ölkə xalqına hökm edirdi.
22Uzziyanın qalan işləri barədə, ilk işlərindən son işlərinə qədər Amots oğlu peyğəmbər Yeşaya yazmışdır.
23Uzziya ataları ilə uyudu və onu padşahların qəbiristanlığında, atalarının yanında basdırdılar, çünki «cüzamlıdır» dedilər. Onun yerinə oğlu Yotam padşah oldu.