1Axazyanın anası Atalya oğlunun öldüyünü görəndə qalxıb bütün padşah nəslini məhv etdi.
2Ancaq padşah Yehoramın qızı, Axazyanın bacısı Yehoşeva öldürülən şahzadələr arasından Axazyanın oğlu Yoaşı gizlincə apardı və onu dayəsi ilə birgə yataq otağında yerləşdirdi. Beləcə Yoaşı Atalyadan gizlətdilər və o öldürülmədi.
3O, altı il gizli olaraq Rəbbin məbədində dayəsi ilə birgə qaldı. Atalya isə ölkə üzərində padşahlıq etdi.
4Yeddinci ildə Yehoyada Karyalıların və mühafizəçilərin yüzbaşılarını çağırtdırdı, onları öz yanına – Rəbbin məbədinin içərisinə gətirdi. Orada bu adamlarla əhd kəsib onları and içdirdi və şahzadəni onlara göstərdi.
5Sonra Yehoyada onlara əmr edib dedi: «Siz belə edin: Şənbə günü növbə çəkənlərinizin üçdə biri sarayın keşiyini çəksin,
6üçdə biri Sur darvazasında dursun, üçdə biri isə mühafizəçilərin arxasındakı darvazada dayansın. Beləcə sarayın keşiyini çəkin.
7Sizin iki bölüyünüz – Şənbə günü növbə çəkməyənlərin hamısı padşahın tərəfində olub Rəbbin məbədinin keşiyini çəksin.
8Hər kəs silahı əlində padşahı əhatəyə alsın, cərgələrinizə girən öldürülsün. Padşah girib-çıxdığı vaxt onunla olun».
9Yüzbaşılar kahin Yehoyadanın əmr etdiyi hər şeyi etdilər: hər biri öz adamlarını, Şənbə günü növbə çəkənləri və növbədə olmayanları götürüb kahin Yehoyadanın yanına gəldi.
10Kahin yüzbaşılara Rəbbin məbədində olan padşah Davudun nizələrini və qalxanlarını verdi.
11Mühafizəçilər məbədin sağ tərəfindən sol tərəfinə qədər qurbangahın və məbədin yanında, padşahın ətrafında dayandılar. Hər kəsin silahı əlində idi.
12Kahin şahzadəni irəli çıxartdı və tacı başına qoyub şəhadətnaməni ona verdi. Onu padşah olmaq üçün məsh etdilər və əl çalıb «Yaşasın padşah!» dedilər.
13Atalya mühafizəçilərin və xalqın səsini eşidəndə xalqın yanına, Rəbbin məbədinə gəldi.
14O baxıb gördü ki, padşah qaydaya görə sütunun yanında dayanmış, rəislər və kərənay çalanlar da padşahın yanındadır. Bütün ölkə xalqı sevinərək kərənay çalırdı. Atalya paltarını cırıb bağırdı: «Xəyanət! Xəyanət!»
15Kahin Yehoyada qoşun üçün cavabdeh olan yüzbaşılara əmr edib dedi: «Onu cərgələrin arasından çıxarın və dalınca gələni qılıncla öldürün». Çünki kahin «qoy o, Rəbbin məbədində öldürülməsin» demişdi.
16Atalyanı tutdular, onu atların girdiyi darvazadan saraya gətirdilər və orada öldürüldü.
17Yehoyada Rəbb ilə padşah və xalq arasında əhd kəsdi ki, onlar Rəbbin xalqı olsun. O, padşahla xalq arasında da əhd kəsdi.
18Bütün ölkə xalqı Baal məbədinə getdi. Onu dağıdıb qurbangahlarını və bütlərini parça-parça etdilər, Baal kahini Mattanı qurbangahların önündə öldürdülər. Kahin Rəbbin məbədinə gözətçilər qoydu.
19O, yüzbaşıları, Karyalıları, mühafizəçiləri, bütün ölkə xalqını özü ilə götürdü. Onlar padşahı Rəbbin məbədindən düşürtdülər və mühafizəçilər darvazasının yolu ilə saraya gəldilər. Yoaş padşahların taxtında oturdu.
20Bütün ölkə xalqı sevindi və şəhər sakitləşdi. Çünki Atalyanı padşah sarayında qılıncla öldürmüşdülər.
21Yoaş padşah olduğu vaxt yeddi yaşında idi.