Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Padşahlar

Ikinci Padşahlar 9

Help us?
Click on verse(s) to share them!
1Peyğəmbər Elişa peyğəmbərlərdən birini çağırıb ona demişdi: «Belini qurşa və bu yağ qabını əlinə alıb Ramot-Gileada get.
2Oraya çatınca Nimşi oğlu Yehoşafat oğlu Yehunu tap. Girib onu yoldaşlarının arasından çağır və içəri otağa apar.
3Yağ qabını götür və yağı onun başına töküb söylə: “Rəbb belə deyir: ‹Səni İsrail üzərində padşah olmaq üçün məsh etdim›”. Sonra qapını açıb qaç və orada durma».
4Peyğəmbərin nökəri olan bu cavan oğlan Ramot-Gileada getdi.
5Oraya gəlib gördü ki, qoşun başçıları burada oturmuşlar. O dedi: «Ey rəis, sənə sözüm var». Yehu dedi: «Aramızdan kimə?» Nökər dedi: «Ey rəis, sənə».
6Yehu qalxıb içəri girdi. Nökər yağı onun başına töküb dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Səni Rəbbin xalqı olan İsrail üzərində padşah olmaq üçün məsh etdim.
7Ağan Axavın nəslini qırıb məhv edəcəksən. Qullarım peyğəmbərlərin və Rəbbin bütün qullarının qanı üçün Mən İzeveldən qisasımı alacağam.
8Bütün Axav nəsli məhv olacaq: İsraildə Axavdan divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam.
9Axavın nəslini Nevat oğlu Yarovamın və Axiya oğlu Baaşanın nəsilləri kimi edəcəyəm.
10İzeveli isə İzreel tarlasında köpəklər yeyəcək və onu basdıran olmayacaq”». Sonra o, qapını açıb qaçdı.
11Yehu çıxıb ağasının adamlarının yanına gəldi. Onlardan biri Yehuya dedi: «Xeyir ola? Bu dəli sənin yanına nə üçün gəlib?» Yehu onlara dedi: «Onun necə adam olduğunu və nə deyəcəyini bilirsiniz».
12Onlar dedilər: «Yalan deyirsən! Onun nə dediyini bizə bildir». Yehu dedi: «Mənə söylədi ki, Rəbb belə deyir: “Səni İsrail üzərində padşah olmaq üçün məsh etdim”».
13Hamı tez qalxıb öz paltarını götürdü və onları pilləkənin üstünə – Yehunun ayağı altına sərdi. Onlar şeypur çalıb «Yehu padşahdır!» dedilər.
14Nimşi oğlu Yehoşafat oğlu Yehu Yehorama qəsd hazırladı. O vaxt Yehoram və onunla birgə bütün İsraillilər Ramot-Gileadı Aram padşahı Xazaelin hücumundan qoruyurdular.
15Ancaq padşah Yehoram Aram padşahı Xazaelə qarşı vuruşarkən Aramlıların ona vurduqları yaraları sağaltmaq üçün İzreelə qayıtmışdı. Yehu dedi: «Əgər siz mənimlə razısınızsa, qoy şəhəri heç kəs tərk etməsin ki, bu xəbər İzreelə gedib çatmasın».
16Yehu arabaya minib İzreelə getdi, çünki Yehoram orada yatırdı. Yəhuda padşahı Axazya Yehoramı görmək üçün gəlmişdi.
17İzreeldəki qüllə üzərində duran gözətçi Yehunun oraya yaxınlaşan qoşununu görüb dedi: «Qoşun görürəm». Yehoram dedi: «Bir atlı götürüb onları qarşılamağa göndər ki, soruşsun: “Xeyir ola?”»
18Bir atlı Yehunu qarşılamağa getdi və ona dedi: «Padşah soruşur: “Xeyir ola?”» Yehu dedi: «Xeyirdən sənə nə? Dön, dalımca gəl». Gözətçi dedi: «Qasid onların yanına gəldi, ancaq geri qayıtmır».

19İkinci atlını göndərdilər, o da Yehunun yanına gəlib dedi: «Padşah soruşur: “Xeyir ola?”» Yehu dedi: «Xeyirdən sənə nə? Dön, dalımca gəl».
20Gözətçi dedi: «Qasid onların yanına gəldi, ancaq geri qayıtmır. Araba sürməyi Nimşi oğlu Yehunun sürməyinə oxşayır, çünki o dəli kimi sürür».
21Yehoram dedi: «Arabamı qoş». Onun arabasını qoşdular. İsrail padşahı Yehoram və Yəhuda padşahı Axazya öz arabalarında Yehunu qarşılamağa çıxdılar və İzreelli Navotun tarlasında onunla rastlaşdılar.
22Yehoram Yehunu görəndə soruşdu: «Xeyir ola, Yehu?» Yehu dedi: «Anan İzevelin xainlikləri və cadugərlikləri bu qədər çox olduğu halda necə xeyir ola bilər?»
23Yehoram arabasını döndərdi və Axazyaya «Xəyanət, ey Axazya!» deyib qaçdı.
24Yehu ox-kamanını çəkdi və Yehoramı kürəyindən vurdu. Ox onun ürəyindən keçib çıxdı və o öz arabasına yıxıldı.
25Yehu padşahın köməkçisi Bidqara dedi: «Onu götürüb İzreelli Navotun tarlasına at. Yadına sal, mən səninlə birgə onun atası Axavın dalınca gedərkən Rəbb ona qarşı belə söyləmişdi:
26“Navotun və onun oğullarının qanı dünən Mənim gözümün qabağına gəldi” bəyan edir Rəbb. “Səndən bu tarlada qisas alacağam” bəyan edir Rəbb. İndi Rəbbin sözünə görə onu götürüb tarlaya at».
27Yəhuda padşahı Axazya bunu gördükdə Bet-Haqqan yolu ilə qaçdı. Yehu onu təqib edib dedi: «Onu da vurun». İvleam yanında olan Qur yoxuşunda onu arabada vurdular. O, Megiddoya qaçıb orada öldü.
28Adamları onu araba ilə Yerusəlimə gətirdilər və Davudun şəhərində, atalarının yanında, öz qəbrində basdırdılar.
29Axav oğlu Yehoramın padşahlığının on birinci ilində Axazya Yəhuda üzərində padşah olmuşdu.
30Yehu İzreelə gəldi. İzevel bunu eşitdi. O, gözlərinə sürmə çəkib başına bəzək vurdu və pəncərədən boylanıb baxdı.
31Yehu darvazadan girəndə İzevel dedi: «Xeyir ola, ey öz ağasını öldürən Zimri?»
32Yehu üzünü pəncərəyə doğru qaldırıb dedi: «Kim mənimlədir, kim?» İki-üç saray xidmətçisi boylanıb ona baxdı.
33Yehu dedi: «Onu aşağı atın». İzeveli aşağı atdılar. Qanı divarın və atların üstünə sıçradı və atlar onun cəsədini tapdaladı.
34Yehu içəri girərək yeyib-içdi və dedi: «Bu lənətə gəlmiş qadını götürüb basdırın, çünki padşah qızıdır».
35Onlar İzeveli basdırmaq üçün getdilər. Ancaq onun kəlləsindən, ayaqlarından və ovuclarından başqa heç nə tapmadılar.
36Geri qayıdıb Yehuya söylədilər. O dedi: «Qulu Tişbeli İlyas vasitəsilə Rəbbin söylədiyi söz belədir: “İzreel tarlasında İzevelin ətini köpəklər yeyəcək.

37İzevelin cəsədi İzreel tarlasına tökülmüş peyin kimi olacaq və heç kəs deyə bilməyəcək ki, bu, İzeveldir”».