Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Padşahlar

Ikinci Padşahlar 19

Help us?
Click on verse(s) to share them!
1Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi.
2O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi.
3Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulması vaxtı çatıb, ancaq doğmağa güc yoxdur.
4Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin bütün sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”».
5Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə
6Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma.
7Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».
8Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi.
9Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O, Xizqiyanın yanına yenidən qasidlər göndərib dedi:
10«Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın.
11Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi?
12Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardımı?
13Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”»
14Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi.
15Xizqiya Rəbbin önündə dua edib dedi: «Ey keruvlar üstündə əyləşən İsrailin Allahı Rəbb! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan.
16Ya Rəbb, qulağın eşitsin, gözün görsün, Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi sözlərə qulaq as.
17Ya Rəbb, doğrudur, Aşşur padşahları millətləri və onların torpaqlarını talan etdilər,
18allahlarını oda atıb məhv etdilər. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdilər.

19Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsinlər ki, ya Rəbb, Sən, yalnız Sən Allahsan!»
20Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə etdiyin duanı eşitdim”.
21Onun haqqında Rəbbin söylədiyi söz budur: “Bakirə Sion qızı Sənə xor baxıb lağ edir, Yerusəlim qızı Sənin arxanca başını bulayır.
22Kimi söyüb küfr etdin? Kimə qarşı səsini qaldırdın? Kimə lovğalıqla baxdın? İsrailin Müqəddəsinə!
23Qasidlərinin vasitəsilə Rəbbi təhqir edib dedin: ‹Çoxlu döyüş arabalarımla Dağların zirvəsinə, Livanın ən uca yerlərinə çıxdım. Uca sidr ağaclarını, Gözəl sərv ağaclarını kəsdim, Ən son məskəninə, Yaşıl meşələrinə girdim.
24Quyu qazdım və özgə sularını içdim, Misirin bütün çaylarını ayağımla qurutdum›.
25Məgər eşitməmisən ki, Mən çoxdan bu işi hazırladım, Qədimdən bəri müəyyən etdiyimi İndi yerinə yetirirəm ki, Sən qalalı şəhərləri dağıdıb Viranəliyə çevirəsən.
26Bu şəhərlərin sakinləri zəiflədi, Çaşqınlığa və xəcalətə düşdülər. Yetişməmişdən əvvəl yandırılan Çöl otu, göyərti və damda bitən ot kimi oldular.
27Sənin oturuşunu, Girişini-çıxışını, Mənə qarşı hiddətini bilirəm.
28Mənə qarşı hiddətləndiyinə görə, Lovğalığın qulağıma çatdığına görə Halqamı burnuna və yüyənimi ağzına taxacağam, Səni gəldiyin yolla geri qaytaracağam.
29Ancaq sənin üçün əlamət budur, ey Xizqiya! Bu il və gələn il özü yetişən barını, Üçüncü il isə taxıl zəmilərini, Üzüm bağları salıb onların bəhrəsini yeyin.
30Yəhuda nəslindən xilas olub qalanlar Yenə aşağıya doğru kök atacaqlar, Yuxarıya doğru bəhrə verəcəklər.
31Çünki qalanlar Yerusəlimdən, Xilas olanlar Sion dağından çıxacaqlar. Rəbbin qeyrəti bunu edəcək”.
32Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir: “O bu şəhərə girməyəcək, Oraya ox atmayacaq, Qarşısına qalxanla çıxmayacaq, Qala önündə torpaq qalağı qurmayacaq.
33Ancaq gəldiyi yolla geri qayıdacaq, Bu şəhərə girməyəcək” Rəbb belə bəyan edir.
34“Mən bu şəhəri Özüm üçün, Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».
35O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb.
36Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı.

37O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek və Şareser onu qılıncla öldürdülər və Urartu ölkəsinə qaçdılar. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu.