1Ey Livan, qapılarını aç ki, Od sənin sidr ağaclarını yandırıb-yaxsın.
2Ey şam ağacı, fəryad et, Çünki sidr ağacı yıxıldı, Hündür ağaclar məhv oldu. Fəryad edin, ey Başan palıdları, Qalın meşənin ağacları böyrü üstə aşdı.
3Çobanların fəryadını eşit, Çünki onların fəxr etdikləri Otlaqları məhv oldu. Cavan aslanların nəriltisinə qulaq as, Çünki İordan çayının kənarındakı sıx meşə yox oldu.
4Allahım Rəbb belə deyir: «Kəsmək üçün ayrılmış sürünü sən otar.
5O sürünün qoyunlarını alanlar onları kəssə də, təqsirsiz qalır. Onları satanlar isə “Rəbbə alqış olsun ki, dövlətli oldum” deyir. Çobanlar öz sürülərinə acımır.
6Mən də daha ölkədə yaşayan xalqa acımayacağam» bəyan edir Rəbb. «Hər kəsi öz qonşusuna və padşahına təslim edəcəyəm. Ölkəni dağıdacaqlar, Mən də xalqı əllərindən qurtarmayacağam.
7Buna görə də kəsmək üçün ayrılmış sürünün zəiflərini otardım. Özümə iki dəyənək götürdüm, birini “Lütf”, o birini isə “Birlik” adlandırdım və sürünü otarmağa başladım.
8Bircə ayın içində üç çobanı işdən qovdum, çünki onların əlindən təngə gəlmişdim, onların da Məndən zəhləsi gedirdi.
9Sonra sürüyə dedim: “Daha sizi otarmayacağam. Ölən ölsün, kəsilən kəsilsin, yerdə qalanlar da bir-birlərinin ətini yesin”.
10Sonra “Lütf” adlı dəyənəyimi götürdüm və bütün xalqlarla bağladığım əhdi pozmaq üçün onu qırdım.
11Beləcə əhd o gün pozuldu. Sürünün Mənə qulaq asan zəifləri bunun Rəbbin sözü olduğunu anladı.
12Mən onlara dedim: “Əgər bu sizə xoşdursa, Mənim muzdumu verin, əgər belə deyilsə, verməyin”. Onlar Mənə muzd olaraq otuz gümüş verdi.
13Rəbb Mənə dedi: “Onların Məni qiymətləndirdiyi bu yüksək muzdu dulusçuya at”. Beləcə otuz gümüşü götürüb Rəbbin məbədində olan dulusçuya atdım.
14Sonra Yəhuda ilə İsrail arasındakı qardaşlığı pozmaq üçün “Birlik” adlı o biri dəyənəyimi də qırdım.
15Rəbb mənə dedi: “Yenə ağılsız bir çobanın əşyalarını özün üçün götür.
16Mən ölkəyə elə bir çoban qoyacağam ki, oğurlananlara baxmayacaq, itmişləri axtarmayacaq, xəstələri sağaltmayacaq, sağlamları bəsləməyəcək. Ancaq kök qoyunların ətini yemək, pəncələrini kəsməklə məşğul olacaq.
17Sürünü tərk edən yaramaz çobanın vay halına! Qılınc onun qolunu və sağ gözünü vursun! Qoy onun qolu qurusun, sağ gözü kor olsun!”»