Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəkəriyyə

Zəkəriyyə 8

Help us?
Click on verse(s) to share them!
1Mənə Ordular Rəbbinin bu sözü nazil oldu:
2Ordular Rəbbi belə deyir: «Sion üçün böyük qısqanclıq duyuram. Bəli, onu çox qısqanıram».
3Rəbb belə deyir: «Siona qayıtdım, artıq Yerusəlimdə yaşayacağam. Yerusəlim Həqiqət şəhəri, Ordular Rəbbinin dağı Müqəddəs dağ çağırılacaq».
4Ordular Rəbbi belə deyir: «Yenə Yerusəlim meydanlarında qoca kişilər və qadınlar oturacaq, hər kəs yaşı çox olduğuna görə əlinə əsa alacaq.
5Şəhərin meydanları orada oynayan oğlan və qız uşaqları ilə dolacaq».
6Ordular Rəbbi belə deyir: «O günlər bu xalqın sağ qalanlarının gözündə bu iş qeyri-mümkün görünürsə, Mənə də belə görünməlidirmi?» bəyan edir Ordular Rəbbi.
7«Bax Mən Öz xalqımı şərq və qərb ölkələrindən qaytaracağam» deyir Ordular Rəbbi.
8«Mən onları gətirəcəyəm və onlar Yerusəlimdə yaşayacaq. Onlar Mənim xalqım olacaq, Mən də sədaqət və salehliklə onların Allahı olacağam».
9Ordular Rəbbi belə deyir: «Ordular Rəbbinin evinin – məbədin tikilməsi üçün təməli qoyulan gün orada peyğəmbərlərin dediyi bu sözləri o vaxt eşidənlər, qoy qolunuza güc gəlsin.
10O vaxtdan əvvəl insan yaxud heyvana heç bir əvəz verilmirdi. Düşmən üzündən heç kəs əmin-amanlıq içində gedib-gələ bilmirdi. Çünki adamları bir-birinin üstünə salışdırmışdım.
11Ancaq indi bu xalqın sağ qalanları ilə əvvəlki kimi rəftar etməyəcəyəm» bəyan edir Ordular Rəbbi.
12«Çünki əkilən toxum bəhərli olacaq: tənək bəhrəsini, torpaq məhsulunu, göylər şehini verəcək. Bunların hamısını bu xalqın sağ qalanlarına mülk olaraq verəcəyəm.
13Sizi qurtaracağam, ey Yəhuda və İsrail nəsli. Siz necə millətlər arasında lənət hədəfi oldunuzsa, indi bərəkət qaynağı olacaqsınız. Qorxmayın, qolunuza güc gəlsin».
14Ordular Rəbbi belə deyir: «Atalarınız Məni qəzəbləndirən zaman başınıza fəlakət gətirmək istədim və fikrimdən dönmədim» deyir Ordular Rəbbi.
15«İndi isə Yerusəlimə və Yəhuda nəslinə yenə yaxşılıq etmək fikrindəyəm. Siz qorxmayın!
16Belə edin: hər kəs öz qonşusuna həqiqəti söyləsin, əmin-amanlıq üçün şəhər darvazalarında sədaqət və ədalətlə mühakimə edin.
17Bir-birinizə qarşı ürəyinizdə pis niyyət tutmayın, yalandan and içməkdən əl çəkin, çünki bunların hamısı Mənim nifrət etdiyim şeylərdir» bəyan edir Rəbb.
18Mənə Ordular Rəbbinin bu sözü nazil oldu:

19Ordular Rəbbi belə deyir: «Dördüncü, beşinci, yeddinci və onuncu ayların orucları Yəhuda xalqı üçün sevinc və şadlıq dolu gözəl bayramlar olacaq. Ancaq siz düzgünlüyü və əmin-amanlığı sevin».
20Ordular Rəbbi belə deyir: «Hələ çoxlu xalq, çoxlu şəhərin əhalisi də gələcək.
21Bir şəhərdə yaşayanlar başqa şəhərə gedib deyəcək: “Gəlin yola düşək, Rəbbin hüzurunda yalvaraq, Ordular Rəbbini axtaraq. Mən də gedirəm”.
22Bir çox xalqlar və qüdrətli millətlər Ordular Rəbbini axtarmaq və Rəbbin hüzurunda yalvarmaq üçün Yerusəlimə gələcək».
23Ordular Rəbbi deyir: «O günlərdə müxtəlif dillərdə danışan millətlərdən olan on adam bir Yəhudinin ətəyindən yapışıb “qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik” deyəcək».