1Bu xəbərdarlıq İsrail barədə nazil olan Rəbbin sözüdür: göyləri yayan, yerin təməlini qoyan, insanın içindəki ruha şəkil verən Rəbb belə bəyan edir:
2«Bax Yerusəlimi ətrafındakı bütün xalqları səndələdən şərab dolu kasa edəcəyəm. Yerusəlim kimi Yəhuda da mühasirəyə alınacaq.
3O gün Yerusəlimi bütün xalqlar üçün ağır bir daş edəcəyəm. Onu qaldıranların hamısı ağır yaralanacaq. Dünyanın bütün millətləri ona qarşı birləşəcək.
4O gün hər atı dəhşətə, süvarisini dəliliyə düçar edəcəyəm» bəyan edir Rəbb, «Mən Yəhuda nəslinə göz qoyacağam, amma o biri xalqların bütün atlarını kor edəcəyəm.
5Onda Yəhuda başçıları ürəklərində deyəcək: “Özlərinin Allahı Ordular Rəbbinin ucbatından Yerusəlimdə yaşayanlar mənim üçün qüvvə olub”.
6O gün Yəhuda başçılarını odunların arasında yanan bir manqal, dərzlərin ortasında alovlanan bir məşəl kimi edəcəyəm. Hər tərəfdə – sağda və solda olan bütün xalqları yandırıb məhv edəcəklər. Yerusəlimlilər isə yenə öz şəhərlərində yaşayacaq.
7Mən Rəbb əvvəlcə Yəhuda xalqının məskənlərini qurtaracağam. Ona görə ki Davud nəsli və Yerusəlimdə yaşayanlar Yəhudadan çox şərəfli olmasın.
8Mən Rəbb o gün Yerusəlimdə yaşayanları qoruyacağam. O gün onların arasında ən gücsüz adam Davud kimi, Davud nəsli isə Allah kimi, onlara başçılıq edən Rəbbin mələyi kimi olacaq.
9O gün Yerusəlimə hücum etmək üçün gələn bütün millətləri məhv etməyə çalışacağam.
10Davud nəsli və Yerusəlimdə yaşayanların üzərinə lütf və yalvarış ruhunu tökəcəyəm. Onlar Mənə – bədənini deşdikləri şəxsə baxacaq və vahid oğluna yas tutan adam kimi ona yas tutacaq, ilk oğlu üçün dərd çəkən adam kimi dərd çəkəcək.
11O gün Yerusəlimdə böyük matəm olacaq, Megiddo düzənliyində, Hadad-Rimmonda olduğu kimi böyük matəm olacaq.
12Ölkədə hər nəsil öz içində yas tutacaq: Davud nəsli ayrı, qadınları ayrı, Natan nəsli ayrı, qadınları ayrı,
13Levi nəsli ayrı, qadınları ayrı, Şimey nəsli ayrı, qadınları ayrı yas tutacaq.
14Bütün qalan nəsilləri ayrı-ayrı, qadınları isə ayrı yas tutacaq.