1Yaz yağışı mövsümündə Rəbdən, şimşək çaxdıran Rəbdən Yağış istəyin. O, insanlara bolluca yağış və Hər kəsin tarlasına ot verəcək.
2Ancaq ev bütlərindən alınan vədlər boş şeydir. Falçılar boş görüntülər görür, Mənasız yuxular danışaraq Əbəs yerə təsəlli verir. Buna görə də xalq sürü kimi dağınıqdır, Zəhmət çəkirlər, çünki bir çoban yoxdur.
3Rəbb deyir: «Çobanlara qarşı qəzəbim alovlandı, Başçılarına cəza verəcəyəm. Ordular Rəbbi Öz sürüsü olan Yəhuda nəslinin qayğısını çəkəcək. Onlar əzəmətli döyüş atları kimi olacaq.
4Künc daşı, çadır payası, Döyüş kamanı ondan olacaq. Bütün xalq başçıları ondan çıxacaq.
5Onlar döyüşdə Düşməni küçələrdə palçıqda tapdalayan İgidlər kimi olacaq, Rəbb onlarla olduğu üçün döyüşəcəklər, Süvariləri utandıracaqlar.
6Yəhuda nəslini qüvvətləndirəcəyəm, Yusif xalqını qurtaracağam. Sürgündən geri qaytaracağam, Çünki onlara acıyıram. Elə edəcəyəm ki, sanki onları Heç əvvəlcədən rədd etməmişəm. Çünki Mən onların Allahı Rəbbəm, Onlara cavab verəcəyəm.
7Efrayimlilər igidlər kimi olacaq, Şərab içmiş kimi ürəkləri coşacaq. Övladları bunu görüb sevinəcək, Ürəkləri Rəbdə sevinc tapacaq.
8Fit çalıb onları toplayacağam, Çünki Mən onları satın almışam. Əvvəllər necə çoxalırdılarsa, İndi də eləcə çoxalacaqlar.
9Onları xalqlar arasına səpələdimsə də, Uzaq ölkələrdə Məni yada salacaqlar. Övladları ilə birgə sağ qalacaq və Geri qayıdacaqlar.
10Mən onları yenə Misir ölkəsindən gətirəcək, Aşşurdan toplayacağam. Onları Gilead torpağına, Livana gətirəcəyəm. Onlara kifayət qədər yer tapılmayacaq.
11Əziyyət dənizindən keçəcəklər, Dənizin dalğaları sakitləşəcək, Nilin bütün dərin suları quruyacaq. Aşşurun qüruru alçaldılacaq, Misirin padşahlıq əsası əlindən düşəcək.
12Onları Rəbdə qüvvətləndirəcəyəm, Onlar da Rəbbin adı ilə yaşayacaq» Rəbb belə bəyan edir.