Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Vaiz

Vaiz 8

Help us?
Click on verse(s) to share them!
1Kim hikmətli adama tay ola bilər? Şeylərin mənasını kim bilər? Hikmət insanın üzünü nurlandırar, Tutqun simasını dəyişdirər.
2Mən deyirəm: padşahın hökmünə qulaq as, çünki Allaha and içmisən.
3Padşahın hüzurundan çıxmağa tələsmə, onun xoşuna gəlməyən işində inad etmə, çünki o istədiyi hər şeyi edə bilər.
4Padşahın sözündə səlahiyyət var. Kim ona “Nə edirsən?” deyə bilər?
5Onun hökmünü yerinə yetirən Heç bir bəlaya düşməz. Hikmətli adamın ürəyi Bunun vaxtını da, qaydasını da bilir.
6Axı hər şeyin həm öz vaxtı, Həm də öz qaydası var. Hərçənd ki insanın daşıdığı dərd çox ağırdır.
7Çünki kim bilir ki, nə olacaq? Bəs kim ona deyə bilər ki, necə olacaq?
8Küləyi tutub saxlamağa heç kəsin gücü çatmadığı kimi Ölüm gününü saxlamağa da heç kəsin gücü çatmaz. Döyüşçü meydanı tərk etmədiyi kimi Pislik də pis adamı tərk etməz.
9Bunların hamısını gördüm və səma altında görülən hər işə diqqət etdim: bir adamın başqa adama ağalıq etməsi başına bəla olur.
10Sonra mən pis adamların axırını da gördüm. Bu adamlar müqəddəs yerə gəlib-gedər, buna görə də pislik etdikləri şəhərdə təriflənərdi. Bu da puçdur.
11Pis işin cəzası tez verilmədiyinə görə insanların ürəyi də pislik etməyə cəsarət tapır.
12Günahkar adam yüz dəfə pislik edib uzun müddət yaşasa da, Allahdan qorxanların, Onun hüzurunda ehtiramla duranların yaxşılıq görəcəyini bilirəm.
13Ancaq pis adam yaxşılıq görməyəcək və onun kölgəyə bənzər günləri uzadılmayacaq, çünki Allahın hüzurunda ehtiramla durmur.
14Yer üzündə baş verən başqa puç şey də var: saleh adamlara layiq olan şeylər pis adamlara qismət olur, pis adamlara layiq olan şeylər saleh adamlara qismət olur. Dedim ki, bu da puçdur.
15Beləcə mən kef çəkməyi üstün saydım, çünki səma altında insan üçün yeyib-içməkdən və kef çəkməkdən yaxşı şey yoxdur. Çünki səma altında Allahın insana ömrü boyu çəkdirdiyi zəhmətdən ona ancaq bu qalır.
16O zaman ürəyimdə niyyət etdim ki, hikmət öyrənim və yer üzündə insanların gecə-gündüz gözlərinə yuxu getməyərək gördükləri işlərə nəzər salım.
17Onda Allahın bütün işlərini gördüm. Bildim ki, kimsə səma altında edilən işləri anlaya bilməz, nə qədər səy göstərsə də, yenə də bunu anlaya bilməz. Bir hikmətli adam bunu bildiyini iddia etsə də, yenə dərk edə bilməz.