2Ölkədə üsyan olanda rəhbərlər artar, Dərrakəli, işbilən adam olsa, ölkəni uzun müddət qoruyar.
3Bir yoxsul kişi kasıbları incidərsə, Bu, əkini yuyub aparan, qıtlıq yaradan güclü yağışa bənzər.
4Qanunu pozanlar pisi təriflər, Qanuna əməl edənlər onlara qarşı çıxar.
5Pis insanlar nə bilir ki, ədalət nədir, Rəbbi axtaranlar bunu dərk edir.
6Kamalla yaşayan yoxsul insan Əyri yolla sərvət qazanandan yaxşıdır.
7Qanan oğul qanunu yerinə yetirər, Qarınquluya qoşulan atasına xəcalət çəkdirər.
8Kim ki müamilə ilə, sələmlə var-dövlət yığar, Onun varı axırda kasıblara səxavət göstərənə qalar.
9Kim ki qanunu eşitməmək üçün qulaqlarını bağlayır, Onun duaları iyrəncdir.
10Kim ki əməlisalehləri əyri yola çəkər, Öz qazdığı quyuya düşər, Kamillərə yaxşı şeylər irs qalar.
11Zəngin özünü hikmətli sanar, Amma müdrik kasıb onun qəlbini oxuyar.
12Salehlərin zəfəri hamıya şərəf gətirər, Amma pislər hakim olsa, hamı gizlənər.
13Günahlarını ört-basdır edən uğur qazanmaz, Onu etiraf edərək tərk edən mərhəmət tapar.
14Həmişə Rəbdən qorxan bəxtiyardır, Ürəyi inadkar bəlaya düşər.
15Kasıb xalqın üzərində olan pis hökmdar Nərildəyən aslan, hücum edən ayıya oxşar.
16Dərrakəsiz hökmdar qəddar, zülmkar olar, Haram qazanca nifrət edənin ömrü uzanar.
17Qantökən qorxub məzara düşənədək qaçar. Qoy heç kim ona kömək etməsin.
18Kamillik yolu ilə gedən qurtular, Əyri yolda olanlar qəflətən yıxılar.
19Torpağını əkib-becərən doyunca çörək yeyər, Boş şeylərin ardınca gedən müflisləşər.
20Etibarlı insanın bərəkəti boldur, Tez varlanmaq istəyən cəzasız qalmır.
21Tərəfkeşlik yaxşı deyil, Kişi bir loğma çörək üçün günah işlədə bilər.
22Xəsis var-dövlət ardınca düşər, Bilmədən yoxsulluğa yetişər.
23Kim ki başqasını danlayır, Yağlı dilə tutandan çox axırda o, lütf qazanır.
24Ata-anasını soyub «günah deyildir» deyən Qırıcı insana yoldaşdır.
25Tamahkar dava yaradar, Rəbbə güvənən bolluğa çatar.
26Öz ağlına güvənən axmaqdır, Hikmətlə gəzib-dolaşan azad olur.