Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar - Saylar 21

Saylar 21:5-25

Help us?
Click on verse(s) to share them!
5Onlar Allaha və Musaya qarşı deyinirdilər: «Nə üçün siz bizi Misirdən çıxardınız? Səhrada ölmək üçünmü? Axı burada nə çörək, nə də su var. Bu dadsız yeməkdən də iyrənirik».
6O zaman Rəbb xalqın arasına zəhərli ilanlar göndərdi. İlanlar xalqı sancdı və İsrail övladlarından çox adam öldü.
7Xalq gəlib Musaya dedi: «Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar». Musa xalqı xilas etmək üçün Rəbbə yalvardı.
8Rəbb Musaya dedi: «Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın».
9Musa tuncdan bir ilan düzəltdi və dəyənəyin üzərinə qoydu, ilan vuran hər adam tunc ilana baxan kimi sağalırdı.
10İsrail övladları yola düşüb Ovotda düşərgə saldılar.
11Ovotdan köç edib Moavın şərqindəki səhrada İye-Avarimdə dayandılar.
12Oradan da yola düşdülər və Zered vadisində dayandılar.
13Oradan da yola düşüb Emorluların sərhədindən başlanan səhradakı Arnon dərəsinin o tayında dayandılar, çünki Arnon dərəsi Moavlılarla Emorlular arasındakı sərhəddir.
14Bu barədə «Rəbbin Döyüşləri» kitabında yazılmışdır: «Sufada olan Vahev və vadilər, Arnon,
15Arın məskəninə uzanıb Moav sərhədinə çatan vadilərin yamacları…»
16Oradan Beerə yola düşdülər; Rəbbin Musaya «xalqı topla, onlara su verəcəyəm» dediyi quyu budur.
17O zaman İsrail övladları bu nəğməni oxudular: «Ey quyu, suların fışqırsın, Ona nəğmə oxuyun,
18O quyu ki onu başçıların açdı, Xalqın əsilzadələri Əsa ilə, dəyənəklə qazdı». Sonra səhradan Mattanaya yollandılar.
19Mattanadan Naxalielə, Naxalieldən Bamota,
20Bamotdan isə Moav torpağında olan dərəyə, çölə baxan Pisqa dağının yamaclarına getdilər.
21İsrail Emorluların padşahı Sixona qasidlər göndərib dedi:
22«Rica edirəm, sənin torpağından keçmək üçün bizə izin verəsən. Nə tarlaya, nə də bağa girəcəyik. Quyularının suyundan belə, içməyəcəyik. Sənin sərhədindən keçənədək yalnız padşah yolu ilə gedəcəyik».
23Lakin Sixon İsraili öz sərhədlərindən buraxmayaraq bütün ordusunu topladı və İsrail övladları ilə vuruşmaq üçün səhraya çıxdı. Yahsaya çatanda İsraillilərə hücum etdi.
24İsrail övladları onu qılıncdan keçirdilər, Arnondan Yabboqa və Ammonluların sərhədinə qədər uzanan torpaqlarını aldılar. Çünki Ammon sərhədinin möhkəm istehkamı var.
25İsrail övladları bu şəhərlərin hamısını ələ keçirdilər. Xeşbon və ətrafındakı qəsəbələr daxil olmaqla Emorluların bütün şəhərlərinə yerləşdilər.

Read Saylar 21Saylar 21
Compare Saylar 21:5-25Saylar 21:5-25