Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yoel

Yoel 2

Help us?
Click on verse(s) to share them!
1Sionda şeypur çalın, Müqəddəs dağımda bərkdən çalın. Qoy ölkənin bütün əhalisi titrəsin, Çünki Rəbbin günü gəlir, Həmin gün yaxındadır.
2Qaranlıq zülmətli bir gün! Buludlu və qatı qaranlıq bir gün! Bir qoşun gəlir Dağlar üzərində yayılan dan kimi Çoxsaylı və qüvvətli bir qoşun. Elə bir qoşun ki, Əzəldən bəri bunun kimisi olmamışdır, Bundan sonra da nəsillər boyu olmayacaqdır.
3Önlərindəki hər şeyi od yandırıb-yaxır, Arxada qalanları alov qovurur. Önlərindəki Eden bağına bənzər yerdir, Arxalarında olansa izsiz bir səhradır, Heç nə onlardan qaçıb qurtara bilmir.
4Onlar görkəmcə ata bənzəyir. Atlar necə çapırlarsa, Onlar da eləcə çapırlar.
5Döyüş arabalarına bənzəyən səslə, Küləşi yandırıb-yaxan od-alovun səsi ilə, Dağların zirvələri üzərindən tullanırlar. Onlar hücum üçün düzülən güclü bir qoşuna bənzəyirlər.
6Onların qarşısında xalqlar sanki ağrı çəkir, Bütün üzlər solur.
7Qaçırlar igidlər kimi, Divara dırmaşırlar cəngavərlər kimi. Hamı nizamla gedir sırasını pozmadan.
8Heç kim yoldaşını tapdalamadan Yolundan çıxmır. Silahlar sırasını yarıb-keçirlər, Lakin salamat qalırlar.
9Şəhərə doğru qaçışır, Divarlardan atlanıb evlərə soxulurlar, Quldur kimi pəncərələrdən girirlər.
10Qarşılarında yer sarsılır, Göylər lərzəyə gəlir, Günəş və ay qaralır, Ulduzlar işıqlarını gizlədir.
11Rəbb Öz ordusu önündə səs salır: Ordularının sayı-hesabı yoxdur. Onun sözünü yerinə yetirənlər güclüdür. Rəbbin günü möhtəşəm və çox dəhşətlidir. Buna kim dözə bilər?
12Rəbb belə bəyan edir: «İndi isə orucla, ağlamaqla, yas tutmaqla Bütün qəlbinizlə Mənə dönün.
13Paltarlarınızı deyil, ürəyinizi yırtın, Allahınız Rəbbə tərəf qayıdın». Çünki O, lütfkar və rəhmlidir, Hədsiz səbirlidir, bol məhəbbətlidir, Bəla göndərməz, rəhm edər.
14Kim bilir, bəlkə rəhm edib dönər? Sonra Allahınız Rəbbə Taxıl və içmə təqdimlərini verəsiniz deyə Sizə bərəkət verər.
15Sionda şeypur çalın, Oruc üçün vaxt təyin edin, Təntənəli toplantı çağırın.
16Xalqı bir yerə yığın, Camaatı təqdis edin, Ağsaqqalları yığın, Uşaqları və südəmər çağaları toplayın. Bəy öz otağından, Gəlin də öz gərdəyindən çıxsın.
17Rəbbə xidmət edən kahinlər Məbədin eyvanı ilə qurbangah arasında ağlayıb desin: «Ya Rəbb, xalqına qıyma, Öz irsini rüsvay olmağa qoyma! Qoyma onlar millətlərin dilinə düşsün. Axı nə üçün xalqlar arasında belə deyilsin: “Bəs hanı onların Allahı?”»
18O zaman Rəbb Öz torpağına qıymayacaq, Öz xalqına rəhm edəcək.

19Rəbb xalqına belə cavab verəcək: «Budur, sizə taxıl, Təzə şərab və zeytun yağı göndərəcəyəm, Bunlarla doyacaqsınız, Artıq sizi millətlər arasında rüsvay etməyəcəyəm.
20Şimal tərəfdən gələn ordunu sizdən uzaqlaşdıracağam. Onu quraq, izsiz bir yerə, Qarşıdakı ordunu Şərq dənizinə, Arxadan gələnləri isə Qərb dənizinə aparacağam. Onların cəsədlərinin pis iyləri ətrafa yayılacaq». Həqiqətən, Rəbb böyük işlər gördü.
21Qorxma, ey torpaq, sevin, fərəhlən. Bu böyük işləri görən Rəbdir.
22Qorxmayın, ey çöl heyvanları, Çünki çölün otlaqları göyərir. Ağac meyvəsi ilə yüklənir, Əncir ağacı, tənək bəhrələrini verir.
23Ey Sion xalqı, Allahınız Rəbdə sevinin və şadlanın, Çünki payız yağışını sizə kifayət qədər verir. Əvvəlki kimi payız yağışı ilə Yaz yağışını yağdırır.
24Xırmanlar taxılla dolu olacaq, Təknələr təzə şərab və zeytun yağı ilə daşacaq.
25«Aranıza göndərdiyim böyük qoşunumun – Kəsici çəyirtkənin, qaynaşan çəyirtkənin, Tullanan çəyirtkənin və dağıdıcı çəyirtkənin Yeyib-qurtardığı illərin əvəzini verəcəyəm.
26Bol-bol, doyunca yeyəcəksiniz, Sizin üçün möcüzəli şeylər edən Allahınız Rəbbin adına şükürlər edəcəksiniz. Xalqım əbədi olaraq rüsvay olmayacaq.
27Onda biləcəksiniz ki, Mən İsrailin arasındayam, Allahınız Rəbb Mənəm, Başqası yoxdur. Xalqım əbədi olaraq rüsvay olmayacaq.
28Ondan sonra isə Bütün bəşər üzərinə Ruhumu tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Ağsaqqallarınız röyalar, Cavanlarınızsa görüntülər görəcək.
29O günlərdə qul və qarabaşların üzərinə də Ruhumu tökəcəyəm.
30Göylərdə və yerdə əlamətlər göstərəcəyəm: Qan, alov və tüstü dirəkləri görünəcək.
31Rəbbin möhtəşəm və dəhşətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək.
32Amma Rəbbin adını çağıran hər kəs xilas olacaq, Çünki Rəbbin dediyi kimi Sion dağında və Yerusəlimdə qurtuluş olacaq, Rəbbin çağırdığı sağ qalanlar arasında olacaq.