Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 7

Luka 7:8-47

Help us?
Click on verse(s) to share them!
8Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir».
9Bunu eşidən İsa yüzbaşıya heyrət etdi. O dönüb ardınca gələn camaata dedi: «Sizə deyirəm: heç İsraildə də bu qədər böyük iman görmədim».
10Göndərilən adamlar evə qayıdanda xəstə qulun sağlam olduğunu gördülər.
11Bundan bir az sonra İsa Nain adlanan bir şəhərə getdi. İsanın şagirdləri və böyük bir izdiham Onu müşayiət edirdi.
12O, şəhər darvazasına yaxınlaşarkən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da ana ilə gedirdi.
13Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi: «Ağlama!»
14Yaxınlaşıb mafəyə toxundu və cənazəni aparanlar dayandılar. İsa dedi: «Ey cavan oğlan, sənə deyirəm: qalx!»
15Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi.
16Hamını qorxu bürüdü. «Aramızda böyük bir peyğəmbər ortaya çıxdı!» və «Allah Öz xalqına nəzər saldı!» – deyərək Allahı izzətləndirdilər.
17İsa barəsindəki bu xəbər bütün Yəhudeyaya və ətraf bölgəyə yayıldı.
18Yəhyanın şagirdləri də ona bütün bu hadisələr barədə xəbər verdilər. Yəhya şagirdlərindən ikisini yanına çağırıb
19göndərdi ki, Rəbdən soruşsunlar: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?»
20Adamlar İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi Sənin yanına göndərdi ki, soruşaq: “Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?”»
21Həmin vaxt İsa bir çox xəstəliklərə, azarlara və şər ruhlara tutulmuş insanlara şəfa verdi, həm də bir çox korların gözlərini açdı.
22İsa onlara belə cavab verdi: «Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır.
23Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»
24Yəhyanın elçiləri getdikdən sonra İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı?
25Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma gözəl paltar geyinib cah-calal içində yaşayanlar padşah saraylarında qalırlar.
26Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə.
27Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm. O Sənin qabağında yolunu hazırlayacaq”.
28Sizə deyirəm: qadından doğulanlar arasında Yəhyadan üstün olan yoxdur. Amma Allahın Padşahlığında ən kiçik olan ondan üstündür».
29Yəhyanın vəftiz etdiyi xalqın hamısı, hətta vergiyığanlar da bunu eşitdikdə Allahın ədalətini təsdiq etdilər.
30Amma fariseylər və qanunşünaslar Yəhyanın vəftizindən imtina etdilər və bununla Allahın onlar barəsindəki iradəsini rədd etdilər.
31İsa sözünü davam etdirdi: «Bu nəslin adamlarını nəyə bənzədim? Onlar nəyə bənzəyir?
32Bazar meydanında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız, Biz mərsiyələr oxuduq, sizsə ağlamadınız” deyib bir-birini səsləyən uşaqlara bənzəyirlər.
33Çünki Vəftizçi Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və siz deyirsiniz: “O, cinə tutulmuşdur”.
34Bəşər Oğlu gəldikdə yeyib-içdi və siz deyirsiniz: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!”
35Amma hikmət öz övladlarının hamısı tərəfindən təsdiq olunur».
36Fariseylərdən biri İsanı onunla birgə yeməyə dəvət etdi. O da fariseyin evinə girdi və süfrəyə oturdu.
37Həmin şəhərdə günahkar bir qadın yaşayırdı. O, fariseyin evində İsanın süfrəyə oturduğundan xəbər tutanda ağ mərmər bir qabda ətirli yağ gətirdi.
38Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilə Onun ayaqlarını islatmağa başladı. O, İsanın ayaqlarını saçları ilə sildi, öpdü və onlara ətirli yağ çəkdi.
39İsanı evinə dəvət etmiş farisey bunu görüb öz-özünə belə dedi: «Əgər bu adam peyğəmbər olsaydı, Ona toxunanın kim və nə cür qadın olduğunu bilərdi, çünki bu qadın günahkardır».
40İsa ona xitab edib belə söylədi: «Şimon, Mənim sənə sözüm var». O da dedi: «Müəllim, buyur».
41«Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi.
42Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevəcək?»
43Şimon cavab verdi: «Güman edirəm, o adam ki ona daha çox bağışlandı». İsa ona «düz seçmisən» dedi.
44Sonra İsa qadına tərəf baxıb Şimona dedi: «Sən bu qadını görürsənmi? Mən sənin evinə gəldim, sən Mənim ayaqlarımı yumaq üçün Mənə su da vermədin. Bu qadınsa ayaqlarımı göz yaşları ilə isladıb saçları ilə sildi.
45Sən Məni öpmədin, bu qadınsa Mən evə girəndən bəri ayaqlarımı hey öpür.
46Sən başıma zeytun yağı çəkmədin. O isə ayaqlarıma ətirli yağ çəkdi.
47Buna görə də sənə deyirəm: bu qadının çox olan günahları bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir. Kimə az bağışlanıbsa, az sevər».

Read Luka 7Luka 7
Compare Luka 7:8-47Luka 7:8-47