2Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü.
3Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür.
4Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar.
5Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar.
6Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı.
7Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi?
8Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik?
9Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində,
10Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan
11Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır».
12Hamı mat qalıb çaşqınlıq içində bir-birindən soruşurdu: «Bu nədir?»
13Bəziləri də rişxəndlə deyirdi: «Bunlar şirin şərabdan sərxoş olublar».
14Peter On Bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın.
15Bu adamlar fikirləşdiyiniz kimi sərxoş deyil. Hələ günün üçüncü saatıdır.
16Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir.
17Allah dedi ki, axır zamanda “Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Cavanlarınız görüntülər, Ağsaqqallarınızsa röyalar görəcək.
18O günlərdə qul və qarabaşların üzərinə də Ruhumdan tökəcəyəm, Onlar da peyğəmbərlik edəcək.
19Yuxarıda – göylərdə xariqələr, Aşağıda – yerdə əlamətlər göstərəcəyəm: Qan, alov və tüstü buxarları görünəcək.
20Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək.
21Rəbbin adını çağıran hər kəs xilas olacaq”.
22Ey İsraillilər, bu sözlərimə qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitəsilə yaratdığı möcüzələr, xariqələr və əlamətlər aydın göstərdi ki, O, Allahdan gələn Şəxsdir.