Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri

Həvarilərin Işləri 3

Help us?
Click on verse(s) to share them!
1Bir gün Peterlə Yəhya doqquzuncu saatda, dua vaxtı məbədə gedirdilər.
2Bu zaman ayaqları anadangəlmə şikəst olan bir kişi məbədin Gözəl adlı qapısına gətirilirdi. Hər gün bu adamı ona görə oraya gətirərdilər ki, məbədə gəlib-gedənlərdən dilənərək nəzir alsın.
3O, məbədə girən Peterlə Yəhyanı görüb onlardan nəzir istədi.
4Peterlə Yəhya ona diqqətlə baxdı. Peter ona dedi: «Bizə bax».
5Bu kişi onlardan nə isə umaraq gözlərini onların üzünə dikdi.
6Peter ona dedi: «Nə qızılım, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa, sənə onu verirəm. Nazaretli İsa Məsihin adı ilə qalx, gəz».
7Sonra sağ əlindən tutub onu qaldırdı. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı.
8Atılaraq ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi.
9Bütün xalq gördü ki, bu kişi yeriyir və Allaha həmd edir.
10Onun məbədin Gözəl qapısında oturub dilənən kişi olduğunu tanıyanda hamı ondakı dəyişikliyə mat qalıb heyrətə düşdü.
11Bu kişi Peterin və Yəhyanın əlindən yapışdı. Heyrətə düşən bütün xalq onlara tərəf, Süleymanın eyvanı adlanan yerə qaçdı.
12Bunu görən Peter xalqa nida etdi: «Ey İsraillilər, burada heyrətamiz nə var ki? Niyə gözlərinizi bizə dikib baxırsınız? Elə bil biz öz qüdrətimizlə, öz möminliyimizlə bu kişinin yeriməsinə səbəb olmuşuq.
13İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzətləndirib. Siz Onu sataraq Pilatın qarşısında rədd etdiniz. Pilat Onu azad etmək üçün qərar vermişdi,
14amma siz Müqəddəs və Saleh Olanı rədd edib bir qatilin azad edilməsini istədiniz.
15Siz Həyat Banisini öldürdünüz, amma Allah Onu ölülər arasından diriltdi. Biz bunun şahidləriyik.
16Gördüyünüz və tanıdığınız bu kişi İsanın adı sayəsində, Onun adına olan imanla sağaldı. İsa vasitəsilə olan imanla bu kişi hamınızın gözü qarşısında tam şəfa tapdı.
17İndi, ey qardaşlar, bilirəm ki, rəhbərləriniz kimi siz də bunu bilmədən etmisiniz.
18Amma Allah peyğəmbərlərin dili ilə Öz Məsihinin əzab çəkməsi barədə əvvəlcədən bəyan etdiyini yerinə yetirdi.

19Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki,
20Rəbbin hüzurunda rahatlıq vaxtı tapasınız və O da sizin üçün əvvəlcədən təyin olunan Məsihi, yəni İsanı göndərsin.
21Çünki Allahın qədimdən bəri müqəddəs peyğəmbərlərinin dili ilə məlum etdiyi kimi hər şeyin yenidən hazırlanacağı vaxtacan İsanın səmada qalması lazımdır.
22Musa belə demişdi: “Allahınız Rəbb sizin üçün öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Sizə nə söyləyəcəksə, ona qulaq asın”.
23“Bu peyğəmbərə qulaq asmayan hər adam xalqı arasından ayrılıb məhv ediləcək”.
24Şamueldən başlayaraq bütün peyğəmbərlər bu günləri elan etdilər.
25Siz də peyğəmbərlərin varisləri, Allahın ata-babalarınızla kəsdiyi Əhdin varislərisiniz. Allah İbrahimə demişdi: “Yer üzünün bütün tayfaları sənin nəslin vasitəsilə xeyir-dua alacaq”.
26Allah hər birinizi pis əməllərinizdən döndərmək və xeyir-dua vermək üçün Öz Qulunu dirildərək əvvəlcə sizin yanınıza göndərdi».