1Vilayətə çatandan üç gün sonra Fest Qeysəriyyədən Yerusəlimə getdi.
2Başçı kahinlərlə Yəhudilərin nüfuzlu adamları Paulla bağlı şikayətlərini ona açıqladılar.
3Onlara bir yaxşılıq etsin deyə Festə yalvararaq Paulun Yerusəlimə gətirilməsini xahiş etdilər, çünki onu öldürmək üçün yolda pusqu qururdular.
4Fest cavab verdi: «Paul Qeysəriyyədə həbsdədir və tezliklə özüm də oraya gedəcəyəm.
5Aranızda səlahiyyəti olanlar mənimlə getsin və əgər bu kişi haqsızlıq edibsə, onu ittiham etsin».
6Fest onların yanında səkkiz ya on gündən artıq qalmadı və Qeysəriyyəyə qayıtdı. Ertəsi gün hökm kürsüsünə çıxıb Paulun gətirilməsini əmr etdi.
7Paul içəri girəndə Yerusəlimdən gələn Yəhudilər onun ətrafını bürüdü və onun barəsində dəlil-sübutsuz bir çox ağır ittihamlar irəli sürdülər.
8Paul «nə Yəhudilərin Qanununa, nə məbədə, nə də qeysərə qarşı heç bir günah işlətməmişəm» deyərək özünü müdafiə etdi.
9Yəhudilərin rəğbətini qazanmaq üçün Fest Paula belə dedi: «Bu iş üzrə mənim qarşımda mühakimənin Yerusəlimdə olmasını istəyirsənmi?»
10Paul dedi: «Mən qeysərin hökm kürsüsünün qarşısında dayanmışam. Mənim məhkəməm burada olmalıdır. Sən özün də yaxşı bilirsən ki, Yəhudilərə qarşı heç bir haqsızlıq etməmişəm.
11Əgər haqsızlıq etmişəmsə, ölüm cəzasına layiq bir iş tutmuşamsa, ölümdən qaçmıram. Yox, əgər bunların ittihamları əsassızdırsa, məni onların əlinə təslim etmək üçün heç kimin səlahiyyəti yoxdur. Mən qeysərin məhkəməsinə müraciət etmək istəyirəm».
12Fest öz məsləhət şurası ilə müşavirə keçirəndən sonra cavab verdi: «Sən qeysərin məhkəməsinə müraciət etmək istədiyin üçün qeysərin yanına gedəcəksən».
13Bir neçə gündən sonra padşah Aqrippa ilə Berniki Festi təbrik etmək üçün Qeysəriyyəyə gəldi.
14Bir müddət orada qaldılar. Fest bu ərəfədə Paulun işini padşaha danışdı. O dedi: «Bir kişi var, Feliks onu məhbus saxlayaraq gedib.
15Yerusəlimdə olduğum ərəfədə Yəhudilərin başçı kahinləri ilə ağsaqqalları onunla bağlı şikayətlərini açıqladı və onu cəzalandırmağımı istədi.
16Mən dedim ki, ittiham edilən şəxsi ittihamçılarla üzləşdirmədən, ona edilən ittihamlara müdafiə imkanı vermədən, onlara təslim etmək Romalıların adətinə xas deyil.
17Onlar mənimlə buraya toplananda heç bir vaxt itirmədən ertəsi gün hökm kürsüsünə çıxıb bu kişinin gətirilməsini əmr etdim.
18Amma ittihamçılar qalxıb danışanda mənim gözlədiyim cinayətlərin heç biri ilə onu təqsirləndirmədilər.
19Lakin onunla öz dinləri barədə bir neçə məsələ qaldırdılar. Bunlar ölmüş və Paulun iddiasına görə sağ olan İsa adlı bir şəxslə bağlı məsələlərdir.
20Bunları necə tədqiq edəcəyimdən şübhələndiyim üçün ondan soruşdum ki, Yerusəlimə gedib bu iş üçün orada mühakimə olmağa razıdır ya yox.
21Amma Paul imperatorun məhkəməsinə müraciət etmək və bu olana qədər həbsdə qalmaq istədi. Mən də onu qeysərin yanına göndərəcəyim zamanacan həbsdə qalması barədə əmr verdim».
22Aqrippa Festə dedi: «Bu adama mən də qulaq asmaq istəyirəm». Fest dedi: «Sabah qulaq asarsan».
23Ertəsi gün Aqrippa ilə Berniki təntənəli surətdə gəlib minbaşılar və şəhərin nüfuzlu şəxsləri ilə birlikdə iclas otağına daxil oldular. Festin əmrinə əsasən Paulu içəri gətirdilər.
24Fest dedi: «Ey padşah Aqrippa və burada bizimlə olan bütün cənablar, istər Yerusəlimdə, istərsə də burada, bütün Yəhudi xalqının şikayət etdiyi bu insanı görürsünüzmü? “Bu adam daha yaşamamalıdır!” deyə Yəhudilər hay-küy salırdı.
25Amma mən nəticəyə gəldim ki, bu adam ölümə layiq heç bir iş görməyib. Lakin imperatorun məhkəməsinə müraciət etmək istədiyinə görə onu göndərmək qərarına gəldim.
26Amma onun barəsində qəti bir sözüm yoxdur ki, cənabıma yazam. Ona görə də onu sizin qarşınıza, xüsusən, padşah Aqrippa, sənin qarşına çıxarıram ki, bu işin istintaqından sonra yazmağa sözüm olsun.
27Çünki bir məhbusu imperatorun qarşısına göndərəndə ona edilən ittihamları göstərməmək mənə məntiqsiz göründü».