Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri

Həvarilərin Işləri 26

Help us?
Click on verse(s) to share them!
1Aqrippa Paula dedi: «Özünü müdafiə edə bilərsən». Onda Paul əl hərəkəti ilə özünü müdafiəyə başladı:
2«Padşah Aqrippa, Yəhudilərin məni ittihamlandırdığı hər şeyə görə bu gün sənin hüzurunda özümü müdafiə edəcəyim üçün özümü xoşbəxt sayıram.
3Çünki bütün Yəhudi adət-ənənələrinə və mübahisələrinə yaxşı bələdsən. Ona görə rica edirəm, mənə səbirlə qulaq as.
4Bütün Yəhudilər bilir ki, əzəldən, lap cavanlığımdan bəri həm öz elimdə, həm də Yerusəlimdə necə həyat sürmüşəm.
5Məni əvvəldən tanıyırlar, bilirlər ki, keçmişdə dinimizin ən ciddi təriqəti olan farisey təriqətinə necə bağlı yaşayırdım. İstəsələr, bu barədə şəhadət edə bilərlər.
6İndi isə Allahın ata-babalarımıza verdiyi vədin həyata keçməsinə ümid bağladığım üçün burada dayanıb mühakimə olunuram.
7Xalqımızın on iki qəbiləsi də gecə-gündüz Allaha sidq ürəkdən ibadət edə-edə həmin şeyə ümid bəsləyir. Ey padşah, Yəhudilər məni bu ümidə görə ittiham edirlər.
8Niyə Allahın ölüləri diriltməsi aranızda inanılmaz bir şey sayılır?
9Doğrusu, mən buna əmin olmuşdum ki, Nazaretli İsanın adı əleyhinə əlimdən gələni etməliyəm.
10Yerusəlimdə də bunu edirdim. Başçı kahinlərdən aldığım səlahiyyətə əsasən nə qədər müqəddəsi zindanlara saldırdım və edam olunanda onların əleyhinə səs verdim.
11Bütün sinaqoqları gəzib-dolaşaraq onları tez-tez cəzalandırır və öz etiqadlarına küfr etməyə məcbur edirdim. Mən elə dəli olmuşdum ki, onları ölkə xaricində olan şəhərlərdə belə, təqib edirdim.
12Bu iş üçün başçı kahinlərdən aldığım səlahiyyət və tapşırıqla Dəməşqə tərəf yola çıxdım.
13Ey padşah, günorta vaxtı yol gedirdim ki, göydən məni və yoldaşlarımı hər tərəfdən nurlandıran günəşdən daha parlaq bir işıq gördüm.
14Hamımız yerə yıxıldıq. Bir səsin mənə İbrani dilində dediyini eşitdim: “Şaul, Şaul, niyə Məni təqib edirsən? Bizin ucuna təpik vurmaq sənə zərər verər”.
15Mən dedim: “Ey Ağam, Sən kimsən?” Rəbb cavab verdi: “Mən sənin təqib etdiyin İsayam.
16Qalx ayağa və dur. Mən ona görə sənə göründüm ki, səni xidmətçi və haqqımda gördüyün, sənə göstərəcəyim şeylərin şahidi olmağa təyin edim.
17Səni öz xalqından, həm də başqa millətlərin əlindən qurtaracağam. Səni o millətlərin yanına göndərirəm ki,
18onların gözlərini açıb qaranlıqdan işığa, Şeytanın hakimiyyətindən Allaha tərəf döndərəsən. Belə ki onlar günahlarının bağışlanmasına və Mənə iman etməklə təqdis olunanlar arasında irsə nail olsunlar”.

19Buna görə mən, ey padşah Aqrippa, bu səmavi görüntüyə itaətsizlik etmədim.
20Əvvəlcə Dəməşqin, sonra Yerusəlimin və bütün Yəhudeya bölgəsinin əhalisini, başqa millətləri də tövbə edib Allaha tərəf dönməyə və bu tövbəyə uyğun tərzdə iş görməyə çağırdım.
21Yəhudilər buna görə məni məbəddə tutub öldürməyə cəhd göstərirdilər.
22Amma bu günə qədər Allah mənim dayağımda durdu və bunun sayəsində burada durub böyükdən kiçiyə qədər hamıya şəhadət edirəm. Mənim dediklərim peyğəmbərlərin və Musanın əvvəlcədən xəbər verdiyi hadisələrdən başqa bir şey deyil.
23Onlar bildirib ki, Məsih əzab çəkəcək və ölümdən dirilənlərin birincisi olacaq, həm Öz xalqına, həm də başqa millətlərə nur doğduğunu elan edəcək».
24Paul özünü bu cür müdafiə edəndə Fest bərkdən dedi: «Paul, dəlilik edirsən, çox oxumaqdan başın xarab olub».
25Paul dedi: «Hörmətli Fest, mən dəlilik etmirəm, həqiqəti və ağla batan sözləri danışıram.
26Padşahın bu barədə məlumatı olduğu üçün onunla cəsarətlə danışıram. Əminəm ki, olanların heç biri padşahın nəzərindən qaçmayıb. Çünki bu işlər künc-bucaqda görülən işlər deyil.
27Padşah Aqrippa, sən peyğəmbərlərə inanırsanmı? Bilirəm ki, inanırsan».
28Aqrippa Paula dedi: «Bu az müddətdə məni də inandıraraq məsihçi edəcəksən?»
29Paul dedi: «İstər az, istər çox müddət olsun, Allahdan istəyirəm ki, təkcə sən yox, bu gün mənə qulaq asan hər bir adam bu zəncirlərdən başqa mənim kimi olsun!»
30Sonra padşah, vali, Berniki və onlarla birlikdə oturanlar qalxdılar.
31Bayıra çıxanda aralarında belə danışdılar: «Bu adam ölümə yaxud həbsə layiq bir şey etmir».
32Aqrippa da Festə dedi: «Bu adam qeysərin məhkəməsinə müraciət etmək istəməsəydi, azad edilə bilərdi».