1Mordokay baş vermiş bu hadisələrdən xəbər tutanda paltarlarını cırdı və çula bürünüb başına kül tökdü. Şəhərin mərkəzinə çıxıb nalə ilə acı şivən qopardı.
2O ancaq padşah sarayının darvazasına qədər gəldi, çünki çula bürünən adam padşah sarayına girə bilməzdi.
3Padşahın bu əmri və fərmanı hansı vilayətə çatmışdısa, oradakı Yəhudilər arasında böyük matəm, oruc, ağlaşma və fəğan var idi. Bir çoxu da çula bürünüb kül üzərində uzanmışdı.
4Esterin xidmətçi qızları və hərəmağaları gəlib bu xəbəri ona çatdırdı. Mələkə bundan çox məyus oldu. O, Mordokay üçün paltar göndərdi ki, çulunu çıxarıb əyninə geyinsin, lakin Mordokay bunu qəbul etmədi.
5Sonra Ester padşahın onun xidmətinə təyin etdiyi hərəmağalarından biri olan Hatakı çağırıb tapşırdı ki, Mordokayın yanına gedərək bu işin nə olduğunu və niyə baş verdiyini öyrənsin.
6Hatak saray darvazasının qarşısında olan şəhər meydanına – Mordokayın yanına getdi.
7Mordokay başına gələn hal-qəziyyəni ona danışdı. Yəhudi qırğını üçün padşah xəzinələrinə Hamanın vəd edərək vermək istədiyi gümüşün tam miqdarını ona bildirdi.
8Sonra Yəhudi qırğını üçün Şuşanda dəst-xətlə yazılan fərmanın surətlərindən birini verdi ki, bunu göstərərək Esterə izah etsin, həm də ona padşahın yanına gedib öz xalqı üçün yalvararaq mərhəmət istəməsini tapşırsın.
9Hatak qayıdıb Mordokayın sözlərini Esterə çatdırdı.
10Ester də Mordokaya Hatak vasitəsilə belə bir xəbər göndərdi:
11«Padşahın bütün əyanları və padşah vilayətlərinin xalqları bilir ki, kişi, qadın – kim olursa-olsun – padşahın çağırışı olmadan içəri həyətə girərsə, onun haqqında təkcə ölüm hökmü veriləcək. Yalnız padşah qızıl əsasını kimə uzatsa, o sağ qalar. Otuz gündür ki, padşahın yanına getmək üçün çağırışım yoxdur».
12Esterin bu sözləri Mordokaya çatdırıldı.
13Mordokay Esterə belə cavab vermələrini xahiş etdi: «Elə düşünmə ki, padşah sarayında olduğun üçün o biri Yəhudilər qırılanda təkcə sən sağ qalacaqsan.
14Əgər sən susarsansa, Yəhudilərə yardım və qurtuluş başqa yerdən gələcək, amma sən və ata evin tamamilə məhv olacaq. Kim bilir, bəlkə sən elə bu gün üçün mələkəliyə çatmısan?»
15Ester Mordokayın bu cavabı qarşısında belə söylədi:
16«Get, Şuşanda olan bütün Yəhudiləri topla. Üç gün-üç gecə yeməyib-içməyib mənim üçün oruc tutun. Mən də burada xidmətçi qızlarımla oruc tutacağam və sonra qanunu pozub padşahın yanına girəcəyəm. Buna görə ölməliyəmsə, qoy ölüm».
17Mordokay gedib Esterin ona tapşırdığı kimi etdi.