Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ester

Ester 1

Help us?
Click on verse(s) to share them!
1Bu hadisələr Axaşveroşun dövründə baş vermişdi. Axaşveroş Hinddən Kuşa qədər yüz iyirmi yeddi vilayət üzərində padşahlıq edirdi.
2O dövrdə padşah Axaşveroş Şuşan qalasında taxtında oturmuşdu.
3Padşahlığının üçüncü ilində o bütün rəisləri və əyanları üçün bir ziyafət qurdu. Farsın və Midiyanın sərkərdələri, əsilzadələri və vilayət başçıları onun hüzuruna gəldi.
4O, uzun müddət ərzində, yəni yüz səksən gün öz padşahlığının cah-calalını, əzəmətini və parlaq şöhrətini nümayiş etdirdi.
5Bu ziyafət günləri qurtarandan sonra padşah Şuşan qalasında böyükdən kiçiyə qədər bütün xalqa sarayının həyət bağçasında yeddi gün ayrı bir ziyafət verdi.
6Bağçada tünd qırmızı zərif kətan qaytanlarla mərmər sütunlardakı gümüş halqalara keçirilmiş pambıq parçadan ağ və bənövşəyi pərdələr var idi. Sumaqdaşı, mərmər, sədəf və başqa qiymətli daşlardan düzəldilmiş döşəmə üzərində qızıl və gümüş kürsülər qoyulmuşdu.
7Oradakılara bir-birindən fərqli qızıl camlarda padşahın səxavətinə layiq bol-bol şahanə şərab təqdim edilirdi.
8Padşahın əmri ilə şərab içmək üçün hüdud qoyulmamışdı, çünki padşah şərab məmurlarına əmr etmişdi ki, hər kəsə istəyinə görə xidmət göstərilsin.
9Mələkə Vaşti də Axaşveroşun sarayında qadınlar üçün ziyafət qurdu.
10Yeddinci gün padşah Axaşveroşun ürəyi şərabdan nəşələnəndə hüzurunda xidmət edən Mehuman, Bizzeta, Xarvona, Biqta, Avaqta, Zetar və Karkas adlı yeddi hərəmağasına belə əmr etdi:
11«Mələkə Vaşti başında mələkəlik tacı ilə padşahın hüzuruna gətirilsin». O, mələkənin gözəlliyini xalqa və rəislərə nümayiş etdirmək istəyirdi, çünki mələkə cazibədar idi.
12Lakin mələkə Vaşti hərəmağaları vasitəsilə göndərilən padşah əmrindən çıxıb onun hüzuruna gəlmək istəmədi. Padşah buna çox qəzəbləndi və qəzəb ürəyini yandırıb-yaxdı.
13Padşah adəti üzrə qayda-qanun bilənlərə müraciət edərdi, ona görə də müdrik adamlarla məsləhətləşdi.
14Karşena, Şetar, Admata, Tarşiş, Meres, Marsena, Memukan padşahın yaxın adamları olub Fars-Midiya padşahlığının yeddi rəisi, padşahlıqda ən yüksək rütbə sahibi idi. Bu adamlar padşahla üz-üzə görüşə bilirdi.
15Padşah soruşdu: «Qanuna əsasən mələkə Vaştiyə nə edilməlidir? O, padşah Axaşveroşun hərəmağalar vasitəsilə göndərdiyi əmrə əməl etmədi».
16Memukan padşahın və rəislərin hüzurunda dedi: «Mələkə Vaşti yalnız padşaha deyil, bütün rəislərə qarşı, padşah Axaşveroşun bütün vilayətlərindəki xalqların hamısına qarşı günah işlətdi.
17Çünki mələkənin bu hərəkəti hansı qadının qulağına çatsa və onlara “padşah Axaşveroş mələkə Vaştini öz önünə gətirilməsini əmr etmişdi, o isə imtina etdi” deyilsə, bütün qadınlar öz ərlərinə xor baxacaq.
18Mələkənin bu gün gördüyü işi eşidən Fars və Midiya xanımları padşahın bütün rəisləri ilə belə rəftar edəcək. Bununla da çoxlu itaətsizlik və münaqişə olacaq.

19Əgər padşahın gözündə xoş görünərsə, qoy padşah tərəfindən belə bir əmr verilsin: “Vaşti bir daha padşah Axaşveroşun önünə çıxmasın”. Qoy bu əmr Farsların və Midiyalıların qanunları arasına yazılsın və dəyişdirilməsin. Padşah isə onun mələkəliyini daha yaxşısına versin.
20Padşahın verdiyi əmr öz böyük padşahlığının hər yerində elan ediləndə böyükdən kiçiyə qədər bütün qadınlar öz ərlərinə hörmətlə yanaşacaq».
21Bu söz padşahın və rəislərin xoşuna gəldi, padşah Memukanın təklifinə əməl etdi.
22Padşahın bütün vilayətlərinə yazılı əmrlər göndərdi. Bu əmrlər hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazıldı. «Hər kişi öz ailəsində hakim olsun və öz xalqının dilində danışsın» deyə elan edildi.