Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Padşahlar

Birinci Padşahlar 5

Help us?
Click on verse(s) to share them!
1Sur padşahı Xiram atasının yerinə Süleymanın padşah olmaq üçün məsh edildiyini eşidəndə öz adamlarını onun yanına göndərdi, çünki Xiram Davudla bütün ömrü boyu dost olmuşdu.
2Süleyman Xirama xəbər göndərib dedi:
3«Sən bilirsən ki, atam Davud Allahı Rəbbin adına bir məbəd tikə bilmədi. Çünki Rəbb düşmənlərini onun ayaqları altına atana qədər ətrafında müharibələr gedirdi.
4Ancaq indi Allahım Rəbb mənə hər tərəfdən əmin-amanlıq verib: nə bir düşmən var, nə də bir əngəl.
5Mən Allahım Rəbbin adına bir məbəd tikmək niyyətindəyəm; necə ki Rəbb atam Davuda demişdi: “Sənin yerinə taxtında oturdacağım oğlun Mənim adıma məbəd tikəcək”.
6İndi əmr et ki, mənim üçün Livan dağlarından sidr ağacları kəsilsin. Adamlarım da sənin adamlarınla birgə olacaq və mən sənin adamların üçün nə qədər desən, o qədər zəhmət haqqı verəcəyəm. Çünki bilirsən ki, bizdə Sidonlular kimi ağac kəsməyi bilən adamlar yoxdur».
7Xiram Süleymanın sözlərini eşidəndə çox sevindi və dedi: «Bu gün Rəbbə alqış olsun ki, bu böyük xalqı idarə etmək üçün Davuda belə müdrik oğul verdi!»
8O, Süleymana xəbər göndərib dedi: «Mənə göndərdiyin sözü eşitdim. Mən sənin sidr və şam ağacları barədə hər istəyini yerinə yetirəcəyəm:
9mənim adamlarım onları Livandan dənizə endirərlər və mən bu ağaclardan sallar düzəldərəm, dəniz yolu ilə təyin edəcəyin yerə apararam və onları orada ayırıb yığaram, sən isə götürərsən. Ancaq sən də mənim istəyimi yerinə yetirib evimi ərzaqla təmin et».
10Xiram Süleymana istədiyi qədər sidr və şam ağacları verirdi.
11Süleyman isə hər il Xiramın evi üçün ərzaq olaraq iyirmi min kor buğda və iyirmi kor xalis zeytun yağı verirdi.
12Rəbb vəd etdiyi kimi Süleymana hikmət verdi. Xiramla Süleyman arasında sülh var idi və onlar bir-biri ilə saziş bağlamışdılar.
13Padşah Süleyman bütün İsraillilər üzərinə əmək mükəlləfiyyəti qoydu. Mükəlləfiyyətçilər otuz min nəfər idi.
14Hər ay onların on min nəfərini növbə ilə Livana göndərirdi; bir ay Livanda, iki ay evlərində qalırdılar. Onların üzərində Adoniram nəzarət edirdi.
15Süleymanın yük daşıyan yetmiş min və dağlarda daş yonan səksən min adamı var idi.
16Bunlardan başqa, Süleyman işə nəzarət etmək üçün üç min üç yüz nəfər məmur qoymuşdu. Onlar adamlara hökm edir və iş görürdülər.
17Padşahın əmrinə görə işçilər məbədin bünövrəsini yonulmuş daşdan qoymaq üçün böyük və dəyərli daşlar kəsib gətirdilər.
18Süleymanın və Xiramın ustaları Gevallılarla birgə məbədi tikmək üçün taxtalar və daşlar yonub hazırladılar.