Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Padşahlar

Birinci Padşahlar 3

Help us?
Click on verse(s) to share them!
1Süleyman Misir padşahı fironun qızını arvad alaraq onunla müttəfiq oldu. Öz sarayı, Rəbbin məbədi və Yerusəlimin ətrafındakı divarlar tikilib qurtarana qədər arvadını Davudun şəhərinə gətirdi.
2Xalq isə hələ səcdəgahlarda qurban gətirirdi, çünki o günlərə qədər Rəbbin adına tikilmiş bir məbəd yox idi.
3Süleyman atası Davudun qanunlarına əməl edərək Rəbbi sevirdi, ancaq səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.
4Padşah qurban gətirmək üçün Giveona getdi, çünki ora səcdəgahların ən böyüyü idi. Süleyman o qurbangahda min baş yandırma qurbanı təqdim etmişdi.
5Giveonda Rəbb Süleymana gecə vaxtı yuxuda göründü. Allah dedi: «Nə istəyirsən, sənə verim?»
6Süleyman dedi: «Sən qulun atam Davuda böyük xeyirxahlıq göstərdin, çünki o Sənin önündə sadiq və saleh işlər görürdü, düz qəlblə Səninlə idi. Bu gün də taxtında oturan bir oğul verməklə ona Öz böyük xeyirxahlığını saxladın.
7İndi, ya Rəbb Allahım, Öz qulunu atam Davudun yerinə padşah etdin. Ancaq mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm.
8Qulun Sənin seçdiyin xalqın – saysız-hesabsız böyük bir kütlənin arasındadır.
9İndi mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib Sənin xalqına hökm edə bilim. Başqa cür Sənin bu böyük xalqını kim idarə edə bilər?»
10Süleymanın bu istəyi Xudavəndin gözünə xoş gəldi.
11Allah ona dedi: «İndi ki özün üçün uzun ömür, var-dövlət və düşmənlərinin canını istəmədin, bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin,
12Mən istəyini yerinə yetirirəm: sənə elə bir hikmətli və dərrakəli ürək verirəm ki, sənin kimisi nə səndən əvvəl olmuş, nə də səndən sonra olacaq.
13Hətta sənə istəmədiyini – var-dövləti də, şöhrəti də verirəm; belə ki bütün ömrün boyu padşahlar arasında sənin kimisi olmayacaq.
14Əgər sən də atan Davud kimi qanunlarıma və əmrlərimə əməl edib yolumla getsən, sənin ömrünü də uzadacağam».
15Süleyman oyandı. Bu, bir yuxu idi. Sonra Yerusəlimə gəldi. Xudavəndin Əhd sandığının önündə durub yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi və bütün əyanları üçün ziyafət verdi.
16Bir gün iki fahişə qadın gəlib padşahın hüzurunda durdu.
17Qadınlardan biri dedi: «Yalvarıram, ay ağam! Mən bu qadınla bir evdə yaşayıram. Bu evdə onun yanında uşaq doğdum.
18Mən doğandan sonra üçüncü gün bu qadın da doğdu. Biz bir yerdə olurduq, evdə bizdən başqa heç kəs yox idi, yalnız ikimiz idik.

19Gecə bu qadın yatanda oğlu onun altında qalıb öldü.
20Kənizin yuxuda ikən gecə yarısı bu qadın qalxaraq oğlumu yanımdan götürüb öz qoynuna almış, ölü oğlunu isə mənim qoynuma qoymuşdur.
21Səhər oğlumu əmizdirmək üçün duranda gördüm ki, o ölüb. Amma sonra diqqətlə baxanda bildim ki, bu mənim doğduğum uşaq deyil».
22O biri qadın isə dedi: «Yox, sağ olan uşaq mənim oğlumdur, ölən isə səninkidir». Amma birinci qadın dedi: «Yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir». Padşahın önündə onlar beləcə mübahisə edirdilər.
23Padşah dedi: «Biri deyir, sağ olan uşaq mənim oğlumdur, ölən səninkidir; o biri isə deyir, yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir».
24Padşah yenə dedi: «Mənə qılınc gətirin!» Padşaha qılınc gətirdilər.
25Padşah dedi: «Sağ olan uşağı iki yerə bölün: yarısını birinə, yarısını isə o birinə verin!»
26Oğlu sağ olan qadın balası üçün ürəyi yandığına görə padşaha belə söylədi: «Aman, ağam, sağ olan uşağı ona verin, amma öldürməyin». O biri isə dedi: «Bölün, qoy nə onun olsun, nə mənim».
27Onda padşah cavab verib dedi: «Sağ olan uşağı birinci qadına verin, onu öldürməyin, uşağın anası odur».
28Bütün İsraillilər padşahın verdiyi hökmü eşidib ona hörmət etdilər, çünki gördülər ki, hökm etmək üçün onda Allahın hikməti var.