1Yarovam buxur yandırmaq üçün qurbangahın yanında durduğu vaxt bir Allah adamı Rəbbin sözü ilə Yəhudadan Bet-Elə gəlib
2Rəbbin adından qurbangaha müraciətlə dedi: «Qurbangah, ay qurbangah! Rəbb belə deyir: “Budur, Davudun nəslində bir oğlan uşağı doğulacaq, onun adı Yoşiya olacaq. O sənin üstündə, orada buxur yandıran səcdəgahların kahinlərini qurban edib insan sümükləri yandıracaq”».
3Allah adamı həmin gün bir əlamət verib dedi: «Rəbbin söylədiyi əlamət budur: “Bu qurbangah bölünəcək və üstündəki kül töküləcək”».
4Padşah Yarovam Allah adamının Bet-Eldə qurbangaha müraciətlə dediyi sözü eşidəndə qurbangahın üzərindən əlini uzadıb «onu tutun» dedi. Onun Allah adamına qarşı uzatdığı əli qurudu və əlini özünə tərəf döndərə bilmədi.
5Allah adamının Rəbbin sözü ilə verdiyi əlamətə görə qurbangah bölündü və kül qurbangahdan töküldü.
6Onda padşah Allah adamına dedi: «Allahın Rəbbi rəhmə gətir və mənim üçün dua et ki, əlimi özümə tərəf döndərə bilim». Allah adamı Rəbbi rəhmə gətirdi və padşahın əli özünə tərəf dönüb əvvəlki kimi oldu.
7Padşah Allah adamına dedi: «Mənimlə birgə evə gedib nahar edək. Mən sənə hədiyyə verərəm».
8Allah adamı isə padşaha dedi: «Sən mənə malının yarısını da versən, səninlə getmərəm, bu yerdə çörək yeyib su içmərəm.
9Çünki Rəbbin sözü ilə mənə belə əmr gəldi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”».
10Allah adamı başqa yolla getdi və Bet-Elə gəldiyi yolla geri qayıtmadı.
11Bet-Eldə qoca bir peyğəmbər yaşayırdı. Onun oğullarından biri gəlib Allah adamının həmin gün Bet-Eldə etdiyi bütün işlər barədə danışdı. Oğulları onun padşaha söylədiyi sözləri də atalarına bildirdilər.
12Ata onlara dedi: «O hansı yolla getdi?» Oğulları Yəhudadan gələn Allah adamının hansı yolla getdiyini ona göstərdilər.
13O öz oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Eşşəyi onun üçün palanladılar və o, eşşəyin üstünə minib
14Allah adamının dalınca getdi. Onu palıd ağacının altında oturmuş halda tapdı və ona dedi: «Yəhudadan gələn Allah adamı sənsənmi?» O da «mənəm» dedi.
15Sonra qoca peyğəmbər ona dedi: «Mənimlə birgə evə gedib nahar edək».
16O dedi: «Səninlə qayıdıb evinə getmərəm, bu yerdə səninlə çörək yeyib su içmərəm.
17Çünki Rəbbin sözü ilə mənə deyildi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”».
18Qoca peyğəmbər ona dedi: «Mən də sənin kimi bir peyğəmbərəm. Bir mələk Rəbbin sözü ilə mənə dedi: “Onu qaytarıb özünlə evinə gətir, çörək yeyib su içsin”». Ancaq bunu ona yalandan söylədi.
19Allah adamı onunla qayıtdı, onun evində çörək yeyib su içdi.
20Onlar süfrə arxasında oturarkən onu yoldan qaytaran peyğəmbərə Rəbbin sözü nazil oldu.
21O, Yəhudadan gələn Allah adamına müraciətlə dedi: «Rəbb belə deyir: “Sən Rəbbin sözünə qarşı getdin və Allahın Rəbbin sənə etdiyi əmrə əməl etmədin,
22geri qayıdaraq Onun sənə ‹çörək yeyib su içmə› dediyi yerdə çörək yeyib su içdin. Buna görə də cəsədin atalarının qəbrinə girməyəcək”».
23Yoldan qaytardığı peyğəmbər çörək yeyib su içdikdən sonra qoca peyğəmbər onun üçün eşşəyi palanladı.
24Allah adamı getdi, yolda ona bir şir rast gəldi və onu öldürdü. Onun cəsədi yola sərilmişdi və eşşək onun yanında dayanmışdı, şir də cəsədin yanında durmuşdu.
25Adamlar onların yanından keçirdilər, yola sərilmiş cəsədi, cəsədin yanında durmuş şiri gördülər və gəlib qoca peyğəmbərin yaşadığı şəhərdə söylədilər.
26Onu yoldan qaytaran peyğəmbər bunu eşidib dedi: «O, Rəbbin sözünə qarşı gedən Allah adamıdır. Rəbb də ona söylədiyi sözə görə onu şirə verdi və şir onu didib öldürdü».
27O, oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Onlar eşşəyi palanladılar.
28O gedib yola sərilmiş cəsədi tapdı. Eşşək və şir cəsədin yanında durmuşdu. Şir cəsədi yeməmiş və eşşəyə toxunmamışdı.
29Qoca peyğəmbər Allah adamının cəsədini götürüb eşşəyin üstünə qoydu və yas tutub onu basdırmaq üçün öz şəhərinə geri gətirdi.
30Onun cəsədini özünün qəbrinə qoydu. «Ah, qardaşım!» deyib onun üçün yas tutdular.
31Onu basdırandan sonra qoca peyğəmbər oğullarına dedi: «Öləndə məni Allah adamının basdırıldığı qəbirdə basdırın, sümüklərimi onun sümüklərinin yanına qoyun.
32Çünki Bet-Eldə olan qurbangaha və Samariya şəhərlərində olan səcdəgahların bütün ibadət evlərinə müraciətlə deyilmiş Rəbbin sözü hökmən yerinə yetəcək».
33Bu işdən sonra da Yarovam öz pis yolundan dönmədi. Yenə də səcdəgahlara xalqın hər təbəqəsindən olan kahinlər qoydu. O, səcdəgahların kahini olmaq istəyən hər kəsi təqdis etdi.
34Bu günah iş Yarovam nəslinin yer üzündən silinib atılmasına və məhv olmasına səbəb oldu.