1Padşah Süleyman bütün İsrail üzərində hökmran idi.
2Əyanları da bunlar idi: Kahin – Sadoq oğlu Azarya;
3Mirzələr – Şişanın oğulları Elixoref və Axiya; Salnaməçi – Axilud oğlu Yehoşafat;
4Ordu başçısı – Yehoyada oğlu Benaya; Kahinlər – Sadoq və Evyatar;
5Baş vali – Natan oğlu Azarya; Padşahın həmsöhbəti – kahin Natan oğlu Zavud;
6Saray rəisi – Axişar; Mükəlləfiyyətçilər üzərində nəzarətçi – Avda oğlu Adoniram.
7Bütün İsrail üzərində Süleymanın on iki bölgə valisi var idi. Onlar padşahı və onun evini ərzaqla təmin edirdilər və hər biri ildə bir aylıq ərzaq göndərməli idi.
8Onların adları belədir: Efrayimin dağlıq bölgəsində Ben-Xur;
9Maqas, Şaalvim, Bet-Şemeş və Elon-Bet-Xanan bölgələrində Ben-Deqer;
10Soko və bütün Xefer torpağının da aid olduğu Arubbot bölgəsində Ben-Xesed;
11bütün Nafat-Dor bölgəsində Süleymanın qızı Tafatın əri olan Ben-Avinadav;
12Taanak, Megiddo, İzreelin altındakı Sartanın yanında olan bütün Bet-Şean bölgəsində və Bet-Şeandan Avel-Mexolaya, Yoqmeamın o biri tərəfinə qədər uzanan bölgədə Axilud oğlu Baana;
13Gileadda olan Menaşşe oğlu Yairin kəndlərinin və Başanda olan Arqov ətrafında divarlar və tunc sürgülərlə bağlanmış altmış böyük şəhərin aid olduğu Ramot-Gilead bölgəsində Ben-Gever;
14Maxanayim bölgəsində İddo oğlu Axinadav;
15Naftali torpağında Süleymanın qızı Basmatı arvad alan Aximaas;
16Aşer torpağında və Alot bölgəsində Xuşay oğlu Baana;
17İssakar torpağında Paruah oğlu Yehoşafat;
18Binyamin torpağında Ela oğlu Şimey;
19Gilead torpağında, yəni keçmişdə Emorluların padşahı Sixona və Başan padşahı Oqa məxsus olan ölkədə bu bölgənin yeganə valisi olan Uri oğlu Gever.
20Yəhudalılar və İsraillilər dəniz qırağında olan qum qədər çox idi. Onlar yeyib-içir və xoşbəxt yaşayırdılar.
21Süleyman Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlıqlar üzərində hökmranlıq edirdi. Onlar Süleymanın ömrünün axırına qədər xərac verdilər və ona qulluq etdilər.
22Süleymanın evinin gündəlik ərzağı bunlardan ibarət idi: otuz kor narın un və altmış kor iri üyüdülmüş un,
23on baş bəslənmiş mal-qara, iyirmi otlaq öküzü, yüz qoyun, maral, ceyran, cüyür və bəslənmiş ev quşları.
24Tifsahdan Qəzzəyə qədər Fərat çayının bu tayındakı bütün torpaqlar və çayın bu tayındakı bütün padşahlar üzərində Süleyman hökmranlıq edirdi və bütün ətraf ölkələrlə sülh şəraitində yaşayırdı.
25Onun bütün ömrü boyu Dandan Beer-Şevaya qədər Yəhuda və İsraildə hər kəs öz üzüm meynəsinin və əncir ağacının altında dinclik içində yaşayırdı.
26Süleymanın qırx min axurunda döyüş arabaları üçün atları və on iki min atlısı var idi.
27Valilərin hər biri öz ayında padşah Süleymana və onun süfrəsinə gələnlərin hamısına ərzaq göndərirdi və heç bir şeyə ehtiyac qalmırdı.
28Hər vali ona verilmiş əmrə görə döyüş və çapar atlarının olduqları yerə arpa-saman göndərirdi.
29Allah Süleymana dəniz sahilindəki qum qədər bol hikmət, dərrakə və ürək genişliyi verdi.
30Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi.
31O bütün adamlardan, Ezrahlı Etandan, Maxolun oğulları Heman, Kalkol və Dardadan hikmətli idi, şöhrəti bütün ətraf millətlər arasında yayılmışdı.
32O, üç min məsəl söyləmişdi və onun min beş nəğməsi var idi.
33Livanda olan sidr ağacından tutmuş divarda bitən züfa otuna qədər bitkilər barədə bəhs etdi, həmçinin heyvanlar, quşlar, həşəratlar və balıqlar haqqında danışdı.
34Süleymanın hikmətli sözlərinə qulaq asmaq üçün bütün xalqlardan və onun hikməti barədə eşitmiş bütün dünya padşahlarından yanına adamlar gəlirdi.