17Şərin çörəyini yeyərlər, Zorakılığın şərabını içərlər.
18Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar.
19Pislərinsə yolu zülmətdir, Onlar nəyə görə büdrədiklərini bilməzlər.
20Oğlum, sözlərimə fikir ver, Dediklərimə qulaq as.
21Onları gözlərinin önündən ayırma, Onları ürəyində qoru.
22Çünki onları tapanlar Həyat və cansağlığı tapar.
23Hər şeydən əvvəl öz ürəyini qoru, Çünki həyat çeşməsi odur.
24Əyri danışığı ağzından götür, Azğın dodaqları özündən uzaqlaşdır.
25Gözlərin irəliyə baxsın, Düppədüz qarşına nəzər sal.
26Getdiyin yolu düzəlt, Yollarını sahmana sal.
27Nə sağa, nə də sola dön, Ayağını pislikdən çək.