2Padşahın vahiməsi aslan nərəsinə bənzər, Onu əsəbləşdirən canını itirər.
3Münaqişədən çəkinmək insana şərəf gətirər, Hər səfeh davaya girişər.
4Mövsümündə kotan sürməyən tənbəl əkinçi Biçin vaxtı heç nə tapmaz.
5Ürəyin düşüncələri dərin sulara oxşar, Dərrakəli adam onu çəkib çıxarar.
6İnsanların çoxu sədaqətindən dəm vurar. Amma sadiq adamı haradan tapmaq olar?
7Saleh kamalı ilə yaşar, Özündən sonra gələn nəsli bəxtiyar olar.
8Nə zaman ki padşah hökm üçün taxta çıxar, Gözləri ilə bütün pisliyi sovurar.
9Kim deyər ki, qəlbimi təmizləmişəm, Günahımı silmişəm?
10Aldadıcı ölçü, aldadıcı çəki – Hər ikisi Rəbdə ikrah yaradar.
11Hətta uşaq da əməlləri ilə, İşlərinin saf, doğru, yoxsa əksinə olması ilə tanınar.
12Eşidən qulaq, görən gözlər – Bunların hər ikisini yaradan Rəbdir.
13Sevmə yatmağı, yoxsullaşarsan, Ayıq ol, onda bol çörəyə çatarsan.
14Müştəri deyər: «Pisdir, pis maldır», Amma alıb gedəndə özünü öyər.
15Qızıl və çox yaqut var, Amma ağıllı söz danışan dil qiymətli cəvahirdir.
16Özgəyə zamin duranın libasını al, Onu qəriblər üçün girov saxla.
17Kələklə əldə edilən çörək əvvəlcə şirin olar, Axırda ağzı çınqılla doldurar.
18Nəsihət alaraq möhkəm qərar çıxar, Müharibəni sağlam məsləhətlə apar.
19Sözgəzdirən sirləri açıb yayar, Gərək boşboğaza qoşulmayasan.
20Kim ki atasına, anasına qarğış edər, Zülmətə düşərkən çırağı sönər.
21Tələsik alınan mülk Axırda xeyir gətirməz.
22Demə «bu pisliyin əvəzini çıxacağam» Rəbbi gözlə, qoy O səni xilas etsin.
23Fərqli çəki daşları Rəbdə ikrah yaradar, O, aldadıcı tərəzidən xoşlanmaz.
24Kişiyə addım atdıran Rəbdir. Bəs tutduğu yolu insan necə anlasın?
25Düşünmədən nəzir edən özünü tələyə salar, Sonra öz əhdi barədə çox fikirləşməli olar.
26Hikmətli padşah pisləri sovurar, Onlar dəyirman daşında üyüdülər.