3İnsan öz səfehliyi ilə yolunu alt-üst edər, Ürəyində isə Rəbbə hiddətlənər.
4Var-dövlət dost artırar, Kasıbı isə dostları atar.
5Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran qurtuluş tapmaz.
6Çoxları nəcabətlinin üzünü görmək istər, Səxavətli adamla çoxları dostluq edər.
7Yoxsuldan qardaşının da zəhləsi gedər, Dostları ondan lap uzaq gəzər, Yalvararaq ardınca düşsə də, yaxınına gəlməz.
8Anlayış qazanan öz canını sevər, Dərrakəyə bağlanan uğur qazanar.
9Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran həlak olar.
10Axmağa dəbdəbəli həyat yaraşmadığı kimi Qulun ağalara hökm etməsi də yaraşmaz.
11İnsanın ağlı hiddəti ləngidər, Başqasının günahını bağışlamaq ona şərəf gətirər.
12Padşahın qəzəbi aslan nərəsinə bənzər, Razılığı çəmənə düşən şehə bənzər.
13Axmaq oğul atasına bəla olar, Davakar arvad kəsilməyən damcıya oxşar.
14İnsana ev, var-dövlət atalardan miras qalar, Ağıllı arvadı isə Rəbb nəsib edər.
15Tənbəllik insana dərin yuxu gətirər, Avaralıq insanı ac qoyar.
16Əmrə əməl edən canını saxlar, Yoluna baxmayan həlak olar.
17Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, Çünki onun əvəzi Rəbdən gələr.
18Ümid varkən oğluna tərbiyə ver, Ölümünə bais olma.
19Kəmhövsələ insan cəriməyə düşər, Onu qurtarsan belə, yenə də davam edər.
20Nəsihətə qulaq as, tərbiyəni qəbul et, Bunun nəticəsində hikmətli olarsan.
21İnsanın qəlbində çox amalı var, Amma Rəbbin niyyəti həyata keçər.
22İnsan etibar arzular, Yoxsul adam fırıldaqçıdan yaxşıdır.
23Rəbb qorxusu insana həyat verər, Ona şər yaxınlaşmaz, tox yatar.
24Tənbəl əlini qabda olana batırar, Ağzına belə, aparmaz.