Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Nəğmələr Nəğməsi

Nəğmələr Nəğməsi 4

Help us?
Click on verse(s) to share them!
1Ey yarım, nə gözəlsən, nə gözəlsən, Yaşmaq altda gözlərin göyərçinə oxşayır, Saçların Gilead dağının yamaclarından Tökülən keçi sürüsü tək qapqaradır.
2Dişlərin qırxılmış, yenicə yuyunub çıxan qoyun sürüsü tək düzülüb, Bu qoyunların hamısının əkiz balası var, Aralarında balasız olanı yoxdur.
3Dodaqların qırmızı qaytan kimi aldır, Dilin nə qədər şirindir, Kəsilmiş nar kimi yaşmaqladığın yanaqlarından qan damır.
4Boynun sursat üçün tikilmiş Davud qülləsi kimi vüqarlıdır, Sanki buradan pəhləvan qalxanı olan min sipər asılmışdır.
5Döşlərin cüt ceyran balası kimi qoşadır, Zanbaqlıqda otlayan əkiz maral balasına oxşayır.
6Gün sərinləşənəcən, kölgələr düşənəcən, Mirra dağına, kündür təpəsinə gedəcəyəm.
7Təpədən dırnağa qədər gözəlsən, Yarım, tamamilə eyibsizsən.
8Ay gəlin, Livan bölgəsindən mənimlə gəl, Gəl, Livandan mənimlə gəl. Amana təpəsindən, Senir, Xermon təpələrindən, dağlardan, Aslanlar yurdundan, dağlardan, bəbirlər məskənindən en.
9Ay həmdəmim, ay gəlin! Bir baxışınla qəlbimi aldın. Ləl-cəvahiratı boynuna saldın, Gözəlliyinlə qəlbimi aldın.
10Ay həmdəmim, ay gəlin! Sevgin necə gözəldir, Eşqin şərabdan da ləzzətlidir, Sənin ətrin ətirlərin ən gözəlidir.
11Ay gəlin, dodaqlarından şanı balı axır, Bal və süd sənin dilinin altındadır. Paltarlarından Livanın ətri gəlir.
12Ay həmdəmim, ay gəlin! Bir qapısı bağlı bağçasan, Örtülü bir bulaq, möhürlənmiş bulaqsan.
13Sənin fidanların nar bağçasına oxşayır, Elə bil cənnətdir, orada seçmə meyvələr, Xına və nard çiçəkləri var.
14Nard çiçəyi və zəfəran, Ətirli qamışla darçınlar, Hər cür buxur ağacı, Mirralar və əzvaylar, Hər cür seçmə ətriyyat var.
15Sən bağçaların bulağısan, Canlı su qaynağısan, Livanın axar suyusan.
16Oyan, ey şimal küləyi, Dur gəl, ey cənub küləyi, Gəlin mənim bağçamda əsin, Qoy o, ətrini hər yana versin. Sevgilim öz bağçasına gəlsin, Seçmə meyvələrdən yesin.