1Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm, Ətriyyatlarımla mirramı yığmışam. Şanı balını – öz balımı yemişəm, Şərabımı və südümü içmişəm. Qızın rəfiqələri: Ay dostlar, yeyin, Ay sevgililər, için, doyunca için!
2Yatsam da, qəlbim oyaq idi. Qapını döyən sevgilimin səsi gəldi: «Qapını aç, ay həmdəmim, ay yarım! Ay göyərçinim, ay eyibsizim! İslandı başım şehdən, Saçım gecənin nəmindən».
3Soyunmuşam paltarımı, Geyinimmi təzədən? Yumuşam ayaqlarımı, Bulaşdırımmı yenidən?
4Sevgilim əlini qapının deşiyindən uzatdı, Onun üçün mənim köksüm oynadı.
5Mən sevgilim üçün qapı açmağa qalxdım, Əllərimə mirra damdı, Barmaqlarımdan süzüldü, Cəftə üstə töküldü.
6Mən sevgilimə qapı açanda Sevgilim çıxıb getmişdi. O məni çağıranda huşumu itirmişdim. Mən onu axtardım, tapa bilmədim, Mən onu çağırdım, lakin cavab gəlmədi.
7Şəhər asayişini qoruyanlar məni tapdılar, Döyüb bədənimi yaraladılar, Hasar keşikçiləri örpəyimi açdılar.
8Ey Yerusəlimdəki qızlar, mən sizə and verirəm, Tapsanız sevgilimi, deyin ona: «Mən eşq xəstəsiyəm».
9Ey gözəllər gözəli, Sevgilinin digərlərindən fərqi nədir? Onu fərqləndirən nədir? Axı niyə bizə belə and verirsən?
10Sevgilim nur saçır, əlvan rənglidir, O, on minlərin arasından seçilir.
11Başı sanki saf qızıldır, Qıvrım saçı qara qarğa tək qaradır.
12Gözləri axar sular kənarındakı göyərçinlərə oxşayır, Süd içində yuyunmuşlar, Öz yuvasında cəvahir tək görünərlər.
13Yanaqları ətirli gülüstana oxşayır, Hər yana ətir saçır, Dodaqları zanbaqlara bənzəyir, Ondan mirra tökülür.
14Əlləri sanki sarı yaqutla bəzənən qızıl budaqdır, Qaməti sanki yaqutlarla naxışlanan fil dişidir.
15Qıçları saf qızıl ayaqlıqlar üstündə dayanan Mərmər sütunlara oxşar. Görkəmi Livanın dağları kimidir, Nadir sidr ağacları kimidir.
16Şirindillidir, Təpədən dırnağadək gözəldir. Ey Yerusəlimdəki qızlar, mənim sevgilim budur, Mənim yarım budur.