Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Huşə

Huşə 7

Help us?
Click on verse(s) to share them!
1İsrailə şəfa vermək istəyəndə Efrayimin günahları, Samariyanın pislikləri ortaya çıxır. Çünki hiylə ilə davranırlar. Evlərə oğru girir, Küçədə quldur soyğunçuluq edir.
2Ürəklərində düşünmürlər ki, Mən onların bütün pisliklərini yada salıram. İndi günahları onları dövrələyib və Gözümün önündədir.
3Padşahı pislikləri ilə, Başçıları yalanları ilə sevindirirlər.
4Hamısı zinakardır, Yoğrulan xəmir acıyana qədər Təndirçinin odunu qurdalamağa ehtiyac görmədiyi Soba kimi şəhvətlə yanırlar.
5Padşahımızın ad günündə Başçılar şərabın atəşindən xəstələndi, Padşah da istehzaçılarla əl-ələ verdi.
6Pusquda yatarkən Ürəkləri soba kimi qızar. Qəzəbləri bütün gecə için-için yanar, Səhər də alovlu atəş kimi parlayar.
7Onların hamısı soba kimi qızışıb Öz hakimlərini həlak etdi. Bütün padşahları yıxıldı, Aralarında Məni çağıran yoxdur.
8Efrayim başqa xalqlara qarışır; Efrayim bir üzü çiy qalan kökədir.
9Onun gücünü özgələr yedi, O isə bilmir, Saçına dən düşüb, O isə bilmir.
10İsrailin qüruru özünə qarşı şəhadət edir. Ancaq yenə də özlərinin Allahı Rəbbə tərəf dönmür, Onu axtarmırlar.
11Efrayim səfeh və dərrakəsiz bir göyərçin kimidir. Gah Misirliləri çağırır, Gah Aşşura gedirlər.
12Onlar gedən zaman Mən onların başına torumu atacağam. Göydəki quşlar kimi Onları vurub yerə salacağam. İcmalarında bildirildiyi kimi Onları cəzalandıracağam.
13Vay onların halına! Çünki Məndən uzaqlaşdılar. Başlarına bəla gəlsin! Çünki Mənə qarşı üsyan etdilər. Mən onları qurtarmaq istəyirdim, Onlarsa Mənə böhtan deyir.
14Ürəkdən Mənə fəryad etmirlər, Ancaq yataqlarının içində ulayırlar. Taxıl və təzə şərab üçün özlərini yaralayırlar, Amma Məndən üz döndərirlər.
15Mən onlara nəsihət verdim, Qollarına güc verdim. Onlarsa Mənə qarşı qəsd qurur.
16Onlar üz tutur, Ancaq ucalara tərəf yox. Hədəfi əyri vuran kamana bənzəyirlər. Dillərinin arsızlığı üzündən Başçıları qılınca tuş gələcək. Buna görə də Misirdə Kinayə hədəfi olacaqlar.