1Ey İsrail, başqa xalqlar kimi Sevinib coşma, Çünki öz Allahına xəyanət etdin. Bütün xırmanlarda Fahişəlik muzduna könül verdin.
2Xırman və üzümsıxan xalqı doydurmayacaq, Təzə şərab onlara qismət olmayacaq.
3Rəbbin torpağında yaşamayacaqlar, Efrayim Misirə qayıdacaq, Aşşurda murdar yemək yeyəcək.
4Rəbbə təqdim olaraq şərab tökməyəcəklər, Qurbanları Ona məqbul olmayacaq. Qurbanlar onlara yas çörəyi olacaq, Onu yeyənlərin hamısı murdar olacaq. Çörəkləri özlərinə qismət olacaq, Amma Rəbbin evinə gətirilməyəcək.
5Təntənəli bayramda, Rəbbin bayram günündə nə edəcəksiniz?
6Məhvdən qaçsalar da, Misir onları yığacaq, Memfis qəbirə basdıracaq. Onların gümüş xəzinələrini gicitkən tutacaq, Çadırlarında qanqal bitəcək.
7Onların cəza günləri gəldi, Haqq-hesab günləri yetişdi. Qoy İsrail bunu bilsin! Təqsirlərinizin çoxluğundan, Düşmənçiliyinizin böyüklüyündən Peyğəmbəri əbləh, Ruhani adamı divanə saydınız.
8Peyğəmbər Allahımın Efrayim üzərində qoyduğu gözətçidir. Amma onun getdiyi hər yerdə tor qurdular, Allahın evində düşmənçilik var.
9Givea günlərində olduğu kimi Onlar böyük pozğunluğa düçar oldu. Allah onların təqsirlərini yada salacaq, Günahları üçün onları cəzalandıracaq.
10Səhrada üzüm tapan kimi Mən İsraili tapdım, İlk dəfə məhsul verən əncir nübarı kimi Mən atalarınızı gördüm. Amma onlar Baal-Peora çatanda Rüsvayçı bütlərə təslim oldu. Özləri də sevdikləri şeylər kimi İyrənc oldu.
11Efrayimin calalı Bir quş kimi uçub gedəcək. Nə doğum, nə hamiləlik, nə mayalanma olacaq.
12Öz uşaqlarını böyütsələr də, Balalarını əllərindən alacağam, Onları kimsəsiz qoyacağam. Mən onları tərk etdikdə vay hallarına!
13Mən gördüm ki, Efrayim Sur şəhəri kimi gözəl bir yerdə məskən salıb. Amma Efrayim öz övladlarını Qatil qabağına çıxaracaq».
14Ya Rəbb, nə verəcəksən, ver onlara, Onlara uşaq salan bətn, südsüz döşlər ver!
15Rəbb deyir: «Onlar bütün pis əməllərini Qilqalda edir, Orada onlara nifrət etdim. Etdikləri günahlardan ötrü Onları evimdən qovacağam. Artıq onları sevməyəcəyəm. Bütün başçıları üsyankardır.
16Efrayim kəsildi, Kökləri qurudu. Onlar bar verməyəcək. Əgər doğsalar da, Bətnlərinin əziz barını Mən məhv edəcəyəm».
17Allahım onları rədd edəcək, Çünki Ona qulaq asmadılar. Millətlər arasında sərgərdan gəzəcəklər.